AZ

"Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir" - Zelenski

Rusiyanın növbəti hücumu indiyə qədər davam edir. Gecədən bəri demək olar ki, 500 pilotsuz uçuş aparatı, o cümlədən xeyli sayda “Şahed” dronu, həmçinin “Kinjal” da daxil olmaqla, 40 raket tətbiq olunub. Əsas hədəf Kiyevdir: energetika və mülki infrastruktur. Təəssüf ki, hədəfə dəymələr var və adi yaşayış binalarına zərər dəyib. Xilasedicilər onlardan birinin dağıntıları altında bir nəfəri axtarırlar. Paytaxtın və vilayətin bəzi rayonlarında işıq və istilik yoxdur. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür. Artıq bəzi enerji obyektlərində təmir briqadaları işə başlayıb, digər obyektlərdə isə şəxsi heyət sığınacaqlardadır. Xilasedicilər və təmir işlərini görənlər hava həyəcanı siqnallarının ləğvindən dərhal sonra işə başlayacaqlar.

Adalet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.

O qeyd edib ki, bu günlərdə çoxlu suallar ortaya çıxıb. “Bəs, ABŞ və dünyanın qalan hissəsi tərəfindən müharibəni başa çatdırmaqla bağlı irəli sürülən təkliflərə Rusiyanın cavabı haradadır? Rusiya nümayəndələri uzun-uzadı danışırlar, lakin əslində onların əvəzinə “Kinjal”lar və “Şahed”lər danışır. Bu, Putinin və onun ətrafının sülh gündəminə olan real münasibətidir. Onlar müharibəni bitirmək istəmirlər və Ukraynaya daha çox ağrı yaşatmaq, digərlərinə təzyiqlərini artırmaq üçün hər fürsətdən istifadə etməyə çalışırlar. Bu isə o deməkdir ki, cavab təzyiqi yetərli deyil. Əgər Rusiya hətta Milad və Yeni il bayramlarını dağıdılmış evlərə və yandırılmış mənzillərə, məhv edilmiş elektrik stansiyalarına çevirirsə, bu xəstə fəallığa yalnız həqiqi güclü tədbirlərlə cavab vermək olar. Amerikanın bu imkanı var, Avropanın bu imkanı var, tərəfdaşlarımızın çoxunun bu imkanı var. Əsas məsələ ondan istifadə etməkdir”, – deyə V.Zelenski vurğulayıb.

Ukrayna Prezidenti həmçinin bildirib: “Ukraynanın müdafiəsini, insanların həyatının qorunmasını bundan sonra da dəstəkləmək vacibdir. HHM-in təchizatı kifayət qədər və vaxtında olmalıdır, xüsusilə də indi buna ehtiyac daha çox olduğu vaxtda. Həyatların qorunmasında gecikmələr olmamalıdır. Bu işdə kömək edən hər bir ölkənin liderinə minnətdarlığımı bildirirəm. Əlbəttə, biz diplomatik fəallığımızı azaltmayacağıq. Lakin təhlükəsizlik olmadan diplomatiya işləməyəcək. Təhlükəsizlik barədə dünyanın güclü dövlətləri qayğı göstərməlidir və biz bu barədə, o cümlədən bu gün və sabah Avropa liderləri, Kanadanın Baş naziri və ABŞ Prezidenti ilə danışacağıq. Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm!”.

Seçilən
37
7
adalet.az

10Mənbələr