Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən 42 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə polis əməkdaşları, Bakı şəhəri Narkoloji Mərkəzin norkoloq həkimi, Xəzər Universitetinin psixologiya departamentinin və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqları iştirak ediblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov çıxış edərək ölkə üzrə bütün təhsil müəssisələrində keçirilən tədbirlərin mahiyyəti və şagirdlərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Çıxışlarda şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, həmçinin erkən nikahın sosial fəsadları barədə geniş məlumat verilib.
Sonda şagirdlərə dəyərli tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

