AZ

Naxçıvanda yeni kənd təsərrüfatı texnikalarına baxış keçirilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov cəmiyyətin gübrə anbarına və yeni alınan maşın-mexanizmə baxış keçirib.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev məlumat verib ki, hazırda anbarda 5 min tondan artıq karbamid, ammofos və kalium-sulfat gübrə ehtiyatı vardır və yerli fermerlərə satışı həyata keçirilir. Növbəti aylarda taxıl istehsalçılarına karbamid gübrəsinin paylanılmasına başlanılacaq. Bu məqsədlə əlavə olaraq daha min ton karbamid gübrəsinin alınıb gətirilməsi nəzərdə tutulur.

Texnikalara baxış zamanı bildirilib ki, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin bazasında 3 milyon 471 min 926 manat dəyərində 38 adda 335 ədəd texnika və texnoloji avadanlıq mövcuddur. Bu il cəmiyyətin xətti ilə 1 milyon 532 min 800 manat dəyərində 27 yeni traktor alınıb. Yeni texnikalar güc, komfort və dayanıqlılıq baxımından daha yüksək imkanlara malikdir. Cəmiyyət tərəfindən bu il 36 nəfərə 1 milyon 819 min 930 manat dəyərində 48 texnika və texnoloji avadanlıq satılıb.

Nazir bildirib ki, fermerlər texnikaları həm nağd ödəniş, həm də lizinq şərtləri ilə əldə edə bilərlər. Hazırda kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Texnikanın dəyərinin digər 40 faizi isə 5 il müddətinə ödənilir.

Səlahiyyətli nümayəndə aqrar sahənin inkişafının Prezident İlham Əliyevin daim diqqətində olduğunu, o cümlədən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində kənd təsərrüfatı üzrə bir sıra tədbirlərin uğurla icra edildiyini, eləcə də muxtar respublikada aqrar subsidiya qaydalarına əlavə güzəştlərin tətbiqini vurğulayıb, yeni alınan texnikaların müvafiq sahənin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
1
azertag.az

2Mənbələr