AZ

Azərbaycanlı musiqiçilər Karl Renekenin sonatasına həsr olunmuş debüt albomlarını təqdim ediblər

Paris, 27 dekabr, AZƏRTAC

“AGRecords” klassik musiqi prodakşnı Karl Renekenin “Undine” sonatasına həsr olunmuş debüt albomunu dinləyicilərə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Fransada musiqi təhsili almış azərbaycanlı musiqiçilər Ağarəhim Quliyev (fleyta) və Vurğun Vəkilov (piano) birlikdə yaratdıqları “AGRecords” klassik musiqi prodakşnı vasitəsilə ilk albomlarını təqdim ediblər. Albom kamera musiqisi repertuarında nadir rast gəlinən Karl Renekenin “Undine” sonatasının dərin psixoloji qatlarının vurğulanması ilə seçilir və insanın sevgi münasibətlərinin mürəkkəb, çoxqatlı təbiətini musiqi dili ilə açır.

“Undine” sevginin doğuluşundan başlayaraq sevilən insanda illüziyaların itirilməsinə, xəyanətə və sonda ümidlərin dağılmasına qədər uzanan emosional bir yolu təsvir edir. Bu dramaturji xətt müasir dövrdə xüsusilə aktual səslənir. Məhz buna görə əsər ifaçıların subyektiv şərhindən kənara çıxaraq, müstəqil emosional reallıq kimi dinləyici ilə birbaşa ünsiyyət qurur.

Albom ifaçıların birgə yaradıcı işi kimi formalaşıb. Burada əsas diqqət xarici effektlərə deyil, daxili məzmunun axtarışına və səmimi interpretasiyaya yönəlib. Yazı texniki mükəmməlliyi nümayiş etdirməyi deyil, musiqinin özünü və onun mənasını ön plana çıxarmağı hədəfləyir.

“AGRecords” klassik musiqiyə həsr olunmuş yeni prodakşndır və albomun solistlərindən biri olan Ağarahim Quliyev tərəfindən təsis edilib. Prodakşn klassik repertuarla işləyərkən ifaçıların fərdi təşviqindən daha çox musiqi materialının və interpretasiyanın dərinliyinə fokuslanmağı prinsip olaraq qəbul edir.

“AGRecords” üçün musiqi mərkəzi rola malikdir. Keyfiyyət, vizual estetika və buraxılış forması önəmli olsa da, bütün bu elementlər vahid məqsədə xidmət edir - əsərin mənasını, intonasiyasını və dinləyici ilə qurduğu daxili dialoqu mümkün qədər dəqiq və dərin şəkildə çatdırmaq.

“Undine” sadəcə bir sonata deyil - poeziya, əfsanə və ehtirasın bir-birinə qarışdığı dünyadan ilhamlanan səsli bir hekayədir. Albom alman romantizminin incə və sirli ruhunu yenidən kəşf etməyə dəvət edir.

Albom artıq əsas striminq platformalarında mövcuddur:

Spotify:

https://open.spotify.com/intl-fr/album/35VbAMhHLB6QYt6yHC5Kqk

YouTube Music:

https://www.youtube.com/watch?v=YW2sC52Nj5Y&list=OLAK5uy_kYSrsHufpRNPfXM6-5HbOiVKYROaaUHwQ

Bu səsli səyahətdə romantizmin dərinliklərinə dalın və “Undine”nin sehrini kəşf edin.

Seçilən
88
1
azertag.az

2Mənbələr