AZ

Rotterdamda Sima Cəfərovanın iki kitabının təqdimat mərasimi olub

Azertag saytına istinadən ain.az xəbər verir.

Rotterdam, 28 dekabr, AZƏRTAC

Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə BAK-ın I vitse-prezidenti, tanınmış ictimai xadim və yazar Sima Cəfərovanın “Ruhumla söhbət” və “Ömür dedikləri” adlı iki kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandda və Benilüks ölkələrində yaşayan Azərbaycan icmasının nümayəndələri, ictimai-siyasi fəallar, mədəniyyət xadimləri, diaspor təşkilatlarının rəhbərləri, eləcə də ədəbiyyatsevərlər iştirak ediblər.

BAK-ın sədri Elsevər Məmmədov giriş sözü ilə açaraq, Sima Cəfərovanın diaspor fəaliyyətində, milli-mənəvi dəyərlərimizin təbliğində və Azərbaycan mədəniyyətinin Avropada tanıdılmasında göstərdiyi xidmətlərdən bəhs edib. Bildirilib ki, müəllifin yaradıcılığı yalnız ədəbi deyil, eyni zamanda ictimai və mənəvi dəyər daşıyır.

“Ruhumla söhbət” kitabı müəllifin daxili aləmini, insanın özünə hesabatını, həyat, zaman, sevgi və mənəviyyat mövzularına poetik-fəlsəfi baxışını əks etdirir. “Ömür dedikləri” isə yaşanmış həyat hekayələrindən, xatirələrdən və insan talelərindən süzülüb gələn düşüncələrlə oxucunu dərin mənəvi səyahətə aparır. Tədbirdə çıxış edən qonaqlar hər iki kitabın bədii dili, səmimiyyəti və oxucuya verdiyi mənəvi mesajlar barədə fikirlərini bölüşüblər.

Sima Cəfərova tədbirin təşkilinə görə BAK-a, eləcə də mərasimdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. O, kitabların yazılma prosesindən, onları ərsəyə gətirən hiss və düşüncələrdən danışaraq, bu əsərlərin oxucularla mənəvi körpü yaratmaq məqsədi daşıdığını qeyd edib.

Tədbirin sonunda Əməkdar artist Xəyyam Məmmədov və Niderlandda yaşayan İlham Babayev kamançada milli musiqilərimizi səsləndiriblər.

Tədbir çərçivəsində Niderlandda fəaliyyət göstərən “Manşet” qəzetinin əməkdaşı Mehmet Ali Topçu bəy Azərbaycan diasporuna göstərdiyi davamlı dəstəyə, diaspor fəaliyyətinin media vasitəsilə işıqlandırılmasında və Azərbaycan həqiqətlərinin təbliğində göstərdiyi xidmətlərə görə Benilüks Azərbaycanlıları Konqresi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
azertag.az

1Mənbələr