AZ

Azərbaycan kəndinin uğurlu ili

2025-ci ilin başa çatmasına sayılı günlər qalır. Ötən illər kimi, bu ilimiz də barlı-bəhərli, bərəkətli olub. Əkin-biçin adamları ilboyu tarla və bağlara qayğı göstəriblər, torpaq da onların halal əməyini itirməyib, bir dəni on sünbül edib. Bu gün Mildə, Muğanda, Qarabağda, Şirvanda, Naxçıvanda, bir sözlə, ölkəmizin hər bir guşəsində tarlalarımızın bol nemətləri süfrələrimizi bəzəyir.

Bu günlərdə kənd dəyirmanlarında zəmilərin məhsulu olan taxıl üyüdülür. Yerli buğda çörəyinin ətri, dadı bir başqadır. Söz vaxtına çəkər. Bu an anamın təndirdə bişirdiyi çörəyin böyük bir parçasını götürüb evimizin qənşərindəki dağlara həmyaşıdlarımla meşə əzgili yeməyə getdiyimiz günlər yadıma düşdü. Necə də bəxtəvər anlar idi.

Bu il Qubanın, Göyçayın, Ordubadın alma, armud, heyva bağlarının məhsulu bol olub. Kəlbəcərli bir arıçı dostum paytaxtda ənənəvi bal yarmarkasında söylədi ki, dünyanın ən yaxşı balı Kəlbəcər balıdır. Ona dedim ki, məgər buna etiraz edən var?! Amma gəlin etiraf edək ki, Qusarın, Lerikin, Laçının balı da çox dadlı və ətirlidir.

Siz dünyanın başqa heç yerində Azərbaycanın cənub bölgəsində yetişdirilən sitrus meyvələri qədər dadlı meyvələr tapa bilməzsiniz. Burada yetişdirilən naringi, portağal, feyxoa bu bərəkətli torpağın xalqımıza hədiyyəsidir. Bu il Lənkəran, Astara və Masallının çay plantasiyalarından əvvəlki illərdə olduğundan daha çox çay toplanıb.

İndi dekabrın son günləridir. Dekabrın adı gələndə adamın canı üşüyür. Dağların ətəklərində yerləşən kəndlərin sakinləri qışa əvvəldən hazırlıq görüblər. Elə bölgələrimiz də var ki, ilin sonuncu ayında belə fermerlər hələ də iş başındadır.

Ağsunun Cəfərli kəndində hazırda təsərrüfat işləri ilə məşğul olan jurnalist həmkarım Səməd Məlikzadə dedi ki, bu günlərdə həmkəndliləri Küdrü düzündəki pay torpaqlarında yeni nar bağları salmaqla məşğuldurlar. Dövlət fermerlərə damcı üsulu ilə bağ saldıqlarına görə xeyli subsidiya verir. Səməd müəllim, həmçinin söylədi ki, payız aylarında nar məhsulunun alıcısı başının üstündə olduğu üçün fermerlər bu işə önəm verirlər.

Məlumdur ki, pambıqçılıq iqtisadi səmərəlilik baxımından çox gəlirli sahədir. 1970-ci illərdə, eləcə də 1980-ci illərin əvvəllərində respublikamız bu sahədə nəzərəçarpan uğurlar qazanıb. “Ağ qızıl” istehsalı sürətlə artıb, ölkə büdcəsinə böyük maliyyə vəsaitləri daxil olub, nəticədə əhalinin rifahı yaxşılaşıb.

Təəssüf ki, sonrakı illərdə bəzi səriştəsiz təsərrüfatçılar pambığın xeyrindən çox ziyanı olduğunu iddia edirdilər. Bir müddət Mil, Muğan, Şirvanın pambıq plantasiyaları əkilib-becərilmədi, pambıq emalı zavodları işləmədi. Bu yanlış yanaşma, təbii ki, fəsadsız ötüşmədi, illərlə qazanılan səriştə və ənənələr unudulmağa başlandı.

Nə yaxşı ki, Azərbaycan hökuməti 2000-ci illərin əvvəllərindən başlayaraq bu sahənin dirçəldilməsi üçün konkret tədbirlər həyata keçirdi. Pambıqçılıq ilə məşğul olan fermerlərin əməyini stimullaşdırmaq üçün onlara subsidiyalar ayrıldı. Hökumətin hərtərəfli dəstəyini hiss edən fermerlər yenidən bu gəlirli sahəyə üz tutdular.

Bu il respublika üzrə pambıq yığımı dekabrın ortalarında uğurla yekunlaşıb. Əkin aparılmış 100 min 468 hektar sahədən 353 min 914 ton xam pambıq tədarük olunub. Bu, son 20 ilin ən yüksək göstəricisidir.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov özünün “feysbuk” səhifəsində yazıb ki, bir müddət əvvəl onun yolu rayonun dağlıq kəndləri olan Duztahir, Gican və Sudurdan keçib. Rauf müəllim kənd sakinləri ilə söhbət etdikcə, onların hər birinin öz işinə olan həvəsini, doğma torpağa bağlılığını daha dərindən hiss edib: “Hər kəs ilin zəhmətini gülərüzlə, ümidlə dəyərləndirir, qarşılamağa hazırlaşdıqları yeni ildə də bolluq və bərəkət arzulayırdı. Mən də onlara səmimi diləklərimi çatdırdım – məhsulunuz bol, zəhmətiniz dəyərli olsun, əziz zəhmət adamları!”.

Hörmətli oxucu! Rauf müəllimin sözlərinə biz də ürəkdən qoşuluruq, Qusarda, eləcə də Azərbaycanın hər bir bölgəsində torpağı həvəslə əkib-becərən fədakar kənd sakinlərini builki uğurlarla əlaqədar təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

Məsaim ABDULLAYEV
XQ

Seçilən
39
1
xalqqazeti.az

2Mənbələr