AZ

Gəncəbasarın Samux gözəllikləri

Səhərin erkən çağında Samuxun mərkəzinə gəlmişəm. Hava bir qədər soyuqdur, yüngül külək əsir. Şəhərin yeni parkına yaxınlaşdıqca, uzaqdan görünən geniş giriş qapısı əzəməti ilə diqqət çəkir.

Park istiqamətinə gedən yolda orta yaşlı bir kişi dayanıb mənə baxır. Yaxınlaşanda asta səslə deyir:

– İnanırsan, elə bil, başqa şəhərin parkıdır. Amma Samuxundur, buradakıların zəhməti ilə bu hala gəlib.

Gülümsəyib başımla təsdiqləyirəm.

Parkın içərisinə daxil olanda sözün, əsl mənasında, geniş və səliqəli bir məkan açılırdı. Təxminən 3 hektar ərazidə hər şey ölçülü, nizamlı və yerində qurulmuşdu. Mərkəzdəki saat qülləsinin yanında iki gənc şahmat oynayırdı. Taxtanın üstündəki qranit fiqurlar yenicə boylanan günəş işığında parıldayırdı. Bir az kənarda ağsaqqalların toplandığı söhbətgahda armudu stəkanlara süzülmüş məxməri rəngli çaylardan buğ qalxırdı. Onlardan biri  prospekt istiqamətini göstərib dedi:

– Hər şey gözümüzün qabağında dəyişir. Bu park bizə lazım idi. Sakinlərin daha çox yığışdığı yerdi buralar. Gəzinti, istirahət yeri isə çox az idi.

Parkın estetik görünüşü ilə yanaşı, praktiki tərəfləri də diqqət çəkirdi:  suötürücü sistemlər, yeraltı borular, müasir işıqlandırma. Axşam burada necə gözəl mənzərə yaranacağını təsəvvür etmək çətin deyildi. 42 işıq dirəyi ilə işıqlanan bu məkan həm də bir gecə parkına çevrilmişdi.

Parkdan çıxıb Heydər Əliyev prospektinə tərəf gedirəm. Bir neçə il əvvəl burada dar yol, köhnə səkilər və sönük küçə lampaları vardı. İndi isə mənzərə tamamilə dəyişib. İki kilometrdən artıq uzunluğa malik prospekt genişləndirilib, səkilər yenidən salınıb, tamet daşları səliqə ilə düzülüb. Dekorativ gül kolları yol boyu rəng qatır.

Yolun kənarında darvazanın qırağını rəngləyən bir fəhləyə yaxınlaşıram.

– Çox iş gördünüz?, - soruşuram.

– Çoox… – deyə gülümsəyir.

– Qaz borularını, işıq dirəklərini, bordürləri  hamısını dəyişdik. Elə bil prospekt bir dəfə nəfəs alıb yenidən dirçəldi.

Doğrudan da prospektdəki bütün işıq dirəkləri yenilənib, yerüstü qaz xətti yeraltına keçirilib. Bu dəyişiklik təkcə görüntünü deyil, təhlükəsizliyi də artırıb. Evlərin fasadlarının aqlayla üzlənməsi, darvazaların rənglənməsi prospektə bir-birinə uyğun, vahid vizual sima verib. Sürücülərin rahatlığı üçün yol örtüyü yenilənib, piyada və nəqliyyat axını daha nizamlıdır.

Samuxun təkcə mərkəzi deyil,  yaşayış massivləri də öz simasını dəyişib. Arif Nəbiyev küçəsində yeni səkilər dərhal seçilir. Hələ tam qurumamış tamet daşları günəş altında bərq vurur. Öyrənirəm ki, burada 7 ədəd 300 mm diametrli boru xətti çəkilib. Yanaşı gedən iki nəfər yaşlı qadının söhbəti diqqətimi cəlb edir:

– Ay Raziyə, yadındadı, buradan keçmək əvvəllər necə çətin idi? Gör indi nə gözəl ediblər…

– Elədir. Səkilər geniş, təmiz… Adam elə gəzmək istəyir…

Rayonun digər yerlərində, 28 May, M.P.Vaqif, Abbas Qasımov, M.Füzuli və Elçin Məmmədov küçələrində asfalt örtüyü yenilənib. Hər biri hamar və təhlükəsiz görünür.

Kolayırda Mübariz İbrahimov və Dalan küçələrində təmir səsi hələ də eşidilir. Buradakı yollar şebenlə möhkəmləndirilib, Şah İsmayıl Xətai küçəsində isə hamarlanma işləri aparılır.

Qarayeri–Gəncə yolunda axşam düşəndə dəyişiklik daha aydın görünür. Yeni, müasir işıqlandırma yolu həm daha təhlükəsiz, həm də daha modern göstərir. Orada qarşıma çıxan bir sürücü deyir:

– Gecələr işıqlar yananda yol sanki uzanıb gedir, həm də göz yorulmur.

Qəbiristanlıqlarda aparılan abadlıq və işıqlandırma işləri də sakinlərin diqqətindən yayınmır. Bu ərazilərin təmizlənməsi, divarların rənglənməsi və alternativ yolun salınması buraya xüsusi qayğı göstərildiyini sübut edir.

…Samuxda gəzərkən hiss etdiyim ən vacib məqam odur ki, bütün dəyişikliklər səs-küylə deyil, ardıcıl və planlı şəkildə aparılır. Şəhər mərkəzindən kəndlərə qədər həyat rahatlaşıb. Yollar genişlənir, parklar salınır, işıqlandırma yenilənir, suötürücü sistemlər qurulur, küçələrin siması dəyişir.

Bütün bu işlər Samuxun ümumi görünüşünə sadə, amma gözə çarpan bir təravət gətirib. Bu təravət nə süni, nə də göstərməlikdir. Sakinlərin gündəlik həyatını yüngülləşdirən, şəhərin ritmini dəyişən real yenilənmədir.

Samux bu gün daha səliqəli, daha işıqlı və daha rahatdır. Elə sakinlərin öz dediyi kimi:

– Şəhər dəyişir, amma o sakit, doğma ab-havasını da qoruyub saxlayır.

Hamlet QASIMOV

XQ-nin bölgə müxbiri

Samux

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr