Avropa hər il ən populyar səyahət yerlərindən biri olaraq qalır, lakin tanınmış şəhərlərdə qonaqlar getdikcə daha çox izdiham və şişirdilmiş qiymətlərlə üzləşirlər. Buna görə də turistlər sıxlıq və artıq ödənişlər olmadan eyni səviyyədə tarixi ənənələr, memarlıq şedevrləri və qeyri-adi atmosfer təklif edən, amma daha az tanınan Avropa şəhərlərini nəzərdən keçirməlidirlər.
"Ölkə.az" xəbər verir ki, "Travel Off Path" nəşri bu meyarlara uyğun olan yeddi Avropa şəhərini istirahət xəritəsinə əlavə etməyi təklif edir.
Vürtsburq, Almaniya
Almaniyanın Bavariya regionu özünün Münhen və Nürnberqi ilə məşhurdur. Lakin bölgə başqa bir incini də özündə gizlədir: Tez-tez "mini-Praqa" adlandırılan Vürtsburq.
Şəhər müqəddəslərin heykəlləri olan qədim körpüsü, qotik qüllələri və demək olar ki, turist izdihamının olmaması ilə diqqət cəlb edir.
UNESCO tərəfindən siyahıya alınmış barokko sarayı olan Vürtsburq iqamətgahı, bütün şəhərin panoramik mənzərələrini təqdim edən Marienberq qalası mütləq görülməli yerlərdir.
Boltsano, İtaliya
Boltsano italyan şəhərindən daha çox Avstriya şəhərinə bənzəyir və bunun da öz səbəbi var. Belə ki, 1919-cu ilə qədər bu məkan Avstriyanın bir hissəsi idi.
Burada italyan dilindən daha çox alman dilində danışılır, mətbəx Tirol ənənələrinə meyl edir və Alp dağları daimi fon rolunu oynayır. Şəhəri tanımağın ən yaxşı yolu labirintə bənzər "Köhnə şəhər"i gəzmək və ya Boltsanonun ürəyi sayılan "Piazza Walther"dən başlamaqdır.
Oradya, Rumıniya
Əvvəllər Avstriya-Macarıstan İmperiyasının bir hissəsi olan Oradya Budapeştin gözəlliyini, Zaqrebin təhlükəsizliyini və Vyana atmosferini birləşdirir.
Burada "Strada Republicii" boyunca gəzintiyə çıxmaq və şüşəli qalereya olan Qara Qartal Sarayına baş çəkmək tövsiyə olunur.
Poznan, Polşa
Əksər turistlər Krakov və Varşavaya gedərkən, Poznan Polşanın ən qiymətləndirilməmiş incilərindən biri olaraq qalır.
Rəngarəng evləri olan Köhnə bazar meydanı, bələdiyyə binası və "Fara Poznanska" kilsəsi açıq hava muzeyi hissi yaradır.
La-Korunya, İspaniya
Əgər Barselona və Madrid izdihamlıdırsa, La-Korunya bu şəhərlərin mükəmməl alternativdir. Şəhər Atlantik sahil xətti, çimərliklər və zəngin tarixə malikdir.
Ən məşhur abidə 2 000 ildən çox yaşı olan və hələ də fəaliyyət göstərən Roma mayaklarından biri Herakl qülləsidir.
Foleqandros, Yunanıstan
Həddindən artıq baha qiymətləri ilə seçilən Santorinidən fərqli olaraq, Foleqandros kruiz gəmilərinin növbə çəkmədiyi orijinal, sakit məkandır.
Ağardılmış evlər, ev mətbəxi və çimərliklər adanı rahat bir tətil üçün ideal hala gətirir.
Tronheym, Norveç
Norveçin ən qədim şəhərlərindən biri olan Tronheym tez-tez Oslo və Bergenin kölgəsində qalır. Amma bu, tamamilə haqsız yerə baş verir.
XI əsr Nidaros kafedral kilsəsi məhz burada yerləşir. Taxta evləri və Kristiansten qalasından fyord mənzərələri olan köhnə şəhər mükəmməl səyahət məkanıdır.