AZ

Komitə rəhbərliyi İcmanın Quba nümayəndəliyini ziyarət edib

25 dekabr 2025-ci ildə Millət vəkilləri - Milli Məclisin İctimai birliklər və dini qurumlarla İş üzrə komitəsinin sədri Fazil Mustafa və komitənin sədr müavini Sahib Alıyev Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin qərargahını ziyarət edib.

Komitə rəhbərliyi Qərbi Azərbaycan yaddaşını qoruyan, milli birliyimizi və vətən sevgimizi möhkəmləndirən ocaqlara ziyarəti öz mənəvi borcları kimi xarakterizə ediblər.
Görüş zamanı İcmanın və onun Quba nümayəndəliyinin fəaliyyəti, icma qarşısında duran strateji hədəflər, eləcə də tarixi həqiqətlərimizin öyrənilməsi, öyrədilməsi yönündə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.
Quba - özünün zəngin coğrafiyası, sözün böyük anlamında bərəkətli torpağı, mədəni və ictimai mühiti, dərin tarixi yaddaşı ilə tarixi həqiqətlərimizi, mədəniyyət iqlimimizi, o cümlədən Qərbi Azərbaycana qayıdış ruhunu yaşadan önəmli məkanlardan biri kimi xarakterizə olunub.
Görüşdə o da vurğulanıb ki, icma öz bölgə qurumları ilə birgə milli kimliyimizin, haqq səsimizin, həmrəyliyimizin və birlik iradəmizin ifadəsi kimi çıxış edir.

Görüşün sonunda Fazil Mustafa və Sahib Alıyev səmimi qarşılanmaya görə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinə təşəkkürlərini bildiriblər.
Komitə sədri müəllifi olduğu kitabları nümayəndəliyə hədiyyə edib.

Nümayəndəliyin rəhbəri Dr. İlham Qaraqurbanlı qonaqlara ziyarət üçün təşəkkür edərək, gələcək əməkdaşlıqdan şad olacağını bildirib.

Sonda onu da vurğulayaq ki, İcmanın Quba nümayəndəliyinin yeni qərargahı bölgədə yaşayan Qərbi Azərbaycan əsilli soydaşlarımızın təşkilatlanması, mədəni irsin qorunması, deportasiya faktlarının toplanması, gənclərin maarifləndirilməsi və Qayıdış Konsepsiyasının yerli səviyyədə icrası üçün geniş imkanlar yaratmaqdadır.

Seçilən
34
1
turkustan.az

2Mənbələr