AZ

Keçmiş xanımı Ağadadaş Ağayevdən dəbdəbəli villanı geri istəyir: "Qızıma verməli idi, indiki arvadına bağışladı"

Xalq artisti Ağadadaş Ağayevin keçmiş həyat yoldaşı Lalə Əliyeva məhkəməyə müraciət edib.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasında bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.

Əliyeva iddia ərizəsində bildirib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət edib.

O, Xalq artistinə qarşı iddia qaldıraraq "Büsat" şadlıq sarayının, "Vüsal" kafesinin, eləcə də idman kompleksinin birgə nikah dövründə əldə edildiyini əsas gətirərək həmin əmlakların bölünməsini məhkəmədən xahiş edib.

Tərəflər arasında 7 il əvvəl təsdiqlənmiş barışıq sazişinə əsasən, Lalə Əliyeva Mərdəkanda yerləşən villadan və digər əmlak hüquqlarından imtina edib. Ağadadaş Ağayev isə bankdan götürülmüş 86 716 ABŞ dolları və 14 299 manat məbləğində kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villaya dair hüquqlarından imtina edəcəyini bildirib.

Lalə Əliyeva qeyd edib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızlarına alınıb və qızlarının doğum günü münasibətilə 2003-cü ildə həmin evin təməli atılıb:

"2018-ci ildə məhkəmə prosesi zamanı Ağadadaş Ağayev təklif etdi ki, kredit borcunu ödəsin və ev banka keçməsin. Bildirdi ki, onsuz da bu bağ evi qızlarımındır. Ancaq dedi ki, sənədləşmə və kredit məsələlərinə görə ev müvəqqəti olaraq onun adına olmalıdır, yaxın gələcəkdə isə qızlarına bağışlayacaq. Digər əmlakları da bütün övladları arasında ədalətli şəkildə böləcəyini vəd etdi. Mən də bu vədlərə inanaraq barışıq sazişini imzalamağa məcbur oldum".

Lalə Əliyevanın sözlərinə görə, o, barışıq sazişinə öz sərbəst iradəsinin əleyhinə olaraq, birinci qrup əlil qızı, nəvələri və böyük ailəsi ilə evsiz-eşiksiz qalmamaq üçün, həmçinin qarşı tərəfin yalan vədlərinə inanaraq imza atıb:

"Lakin qərardadın qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, Ağadadaş Ağayev verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə, gələcəkdə qızına verəcəyini dediyi bağ sahəsini indiki həyat yoldaşının adına keçirib. Heç ağlıma gəlməzdi ki, qızımın atası ona məxsus bağ sahəsini yeni həyat yoldaşına bağışlayacaq".

Xalq artistinin keçmiş həyat yoldaşı yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən 2018-ci il tarixli qərardadla təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsini xahiş edib.

Məhkəmə isə iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlib ki, iddia tələbləri təmin edilməməlidir.

Belə ki, barışıq sazişinə əsasən, Lalə Əliyeva Mərdəkandakı bağ evi üzərində Ağadadaş Ağayevin xüsusi mülkiyyət hüququnu tanıyıb və keçmiş ərinin xeyrinə həmin əmlakdan imtina edib.

Bu səbəbdən məhkəmə hesab edib ki, həmin saziş əsasında qəbul edilən qərardad fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün hüquqi əsasdır.

Qeyd edək ki, məhkəmə prosesində nə Ağadadaş Ağayev, nə də onun nümayəndəsi iştirak ediblər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün sayıb.

Seçilən
54
30
far.az

10Mənbələr