AZ

Türkiyə hakimiyyəti Özgür Özelin iddialarını təkzib etdi

Türkiyə hakimiyyəti müxalifət lideri Özgür Özelin 15 dekabr tarixində Türkiyə hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) ilə bağlı səsləndirdiyi iddiaları təkzib edib.

Modern.az-ın məlumatına görə, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran bildirib ki, Özgür Özelin açıqlamaları reallığı əks etdirmir və açıq şəkildə dezinformasiya xarakteri daşıyır.

Duran qeyd edib ki, müxalifət lideri müsahibəsində hadisə ilə bağlı Rəcəb Tayyib Ərdoğana istinad etsə də, səsləndirilən fikirlər rəsmi məlumatlarla üst-üstə düşmür və bu cür məsələlərdə yalnız səlahiyyətli qurumların açıqlamalarına əsaslanmaq lazımdır.

Xatırladaq ki, Özgür Özel “Cumhuriyet” qəzetinə verdiyi müsahibədə 15 dekabrda Türkiyə hava məkanına doğru hərəkət edən PUA-nın məhv edilməsi ilə bağlı qərarın gecikdiyini iddia edib. O, dronun aşkarlandıqdan sonra iki saatdan çox müddət ərzində məhv edilmədiyini, F-16 qırıcılarının Konya və Eskişehir bazalarından havaya qalxmasına baxmayaraq, əməliyyatın gecikdiyini və nəticədə PUA-nın ABŞ-ın Türkiyənin cənubundakı İncirlik aviabazasından qalxan qüvvələr tərəfindən vurulduğunu qeyd edib.

Bu iddialar daha əvvəl Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi tərəfindən də təkzib olunub. Mərkəzin yaydığı açıqlamada bildirilib ki, PUA-nın prezidentin göstərişini gözləmək və ya onun mənşəyi ilə bağlı tərəddüdlər səbəbilə gec məhv edilməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Açıqlamada vurğulanıb ki, Silahlı Qüvvələrin tətbiq qaydalarına dair direktivə əsasən hədəflərin məhv edilməsi səlahiyyəti Baş Qərargaha məxsusdur və həmin gün bu səlahiyyətlər gecikmə olmadan Hərbi Hava Qüvvələrinin komandanlığına verilib.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, 15 dekabrda Qara dəniz istiqamətindən ölkənin hava məkanına yaxınlaşan PUA aşkarlanaraq təhlükəsiz zonada zərərsizləşdirilib. Bildirilib ki, aparat havada xırda hissələrə parçalandığı üçün qalıqların böyük əraziyə səpələnməsi nəticəsində onların tapılması hələlik mümkün olmayıb.

Seçilən
4
44
modern.az

10Mənbələr