Bəzi ginekoloji xəstəliklər yalnız həyat tərzi ilə deyil, genetik faktorlarla da əlaqəli ola bilər. Mütəxəssislər bildirirlər ki, ailəsində ginekoloji problem və ya xərçəng tarixçəsi olan qadınlar müayinələrə daha erkən başlamalıdır. Erkən diaqnoz həm müalicə imkanlarını genişləndirir, həm də həyat keyfiyyətini qoruyur.
E-saglam.az xəbər verir ki, ginekologiya, mamalıq və in-vitro gübrələmə üzrə mütəxəssis Prof. Dr. Nazan Doğaner Halıcı qeyd edir ki, birinci dərəcəli qohumlarda rast gəlinən xəstəliklər qadınlarda risk ehtimalını artırır. Bu səbəbdən menstrual ağrılar, hormonal pozuntular və dövr dəyişiklikləri laqeyd yanaşılmamalıdır.
Endometrioz, yəni “şokolad kistası”, reproduktiv yaşda olan qadınlarda geniş yayılıb və çox vaxt sadə menstrual sancı kimi qəbul edilir. Halbuki bu xəstəlik sonsuzluğun əsas səbəblərindən biri ola bilər. Genetik meyl mühüm rol oynayır və anada endometrioz varsa, qız övladında risk artır.
Erkən menopauza da irsi faktorlarla bağlı ola bilər. Qırx yaşından əvvəl menstrual dövrün dayanması hormonal dəyişikliklər, yuxu problemləri və psixoloji təsirlərlə müşayiət oluna bilər. Ailə tarixçəsi olan qadınlar bu baxımdan daha diqqətli olmalıdır.
Polikistik yumurtalıq sindromu hormonal və metabolik pozğunluqdur və genetik meyl bu xəstəliyin yaranmasında əsas risk faktorlarından sayılır. Vaxtında aşkarlanmadıqda sonsuzluq, diabet və ürək-damar xəstəlikləri riskini artıra bilər.
Döş və uşaqlıq xərçəngi də genetik keçid göstərə bilən xəstəliklər sırasındadır. Ailəsində bu xəstəliklər olan qadınlar daha erkən yaşlardan müntəzəm müayinələrə başlamalıdır. Mütəxəssislər vurğulayırlar ki, erkən diaqnoz bu xəstəliklərdə demək olar ki, tam sağalma imkanı yaradır.
Tərcümə: Könül Oruc
E-saglam.az