AZ

Şampan hər kəs üçün təhlükəsiz deyil - Həkimdən XƏBƏRDARLIQ

“Bud Zdorov” klinikasının (Ufa) həkimi Mingazovanın sözlərinə görə, şampan tərkibində digər spirtli içkilərlə müqayisədə daha az alkoqol olsa da, həzm sistemi xəstəlikləri olan insanlarda onun təsiri daha ağır ola bilər.

Redaktor.az bu barədə Rusiya mediasına istinadla xəbər verir.

Həkim qeyd edib ki, mədə xorası zamanı hətta az miqdarda alkoqol mədə şirəsinin ifrazını artırır, mədə divarını qıcıqlandırır və yaraların sağalmasını ləngidir. Xroniki qastritdən əziyyət çəkən şəxslərdə isə bir qədəh şampan belə xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Əsəbi bağırsaq sindromu olan insanlarda qazlı və turşulu içkilər qarın ağrısı və spazmlara gətirib çıxarır. Xora koliti və Kron xəstəliyi zamanı isə alkoqol iltihabı gücləndirə və ümumi vəziyyətin pisləşməsinə səbəb ola bilər.

Mingazova bildirib ki, şampanın yüksək şəkər tərkibi qanda qlükoza səviyyəsini sürətlə artıra bilər. Bu səbəbdən şəkərli diabet və insulinrezistentliyi olan şəxslər üçün bu içki xüsusilə təhlükəlidir.

Bundan başqa, pankreatit və öd daşı xəstəliyi zamanı şampan mədəaltı vəzini qıcıqlandırır və ağrıların artmasına səbəb ola bilər. Qaraciyər və böyrək xəstəlikləri, allergiyaya meyillilik, miqren və alkoqola həssaslıq hallarında da şampanın istifadəsi məsləhət görülmür.

Həkimin sözlərinə görə, qazlı içkilərin çoxluğu səbəbindən şampan hətta sağlam insanlarda belə ağır “asmalıq” vəziyyəti yarada bilər. Bu səbəbdən bəzi şəxslərin bayram süfrəsində bu içkidən imtina etməsi daha doğru seçim sayılır.

Nuriyyə NATİQQIZI

Seçilən
34
redaktor.az

1Mənbələr