AZ

Əlilliyi olan şəxslərə hansı hallarda sürücülük vəsiqələri verilir?

Əlilliyi olan şəxslər üçün avtomobil idarəetmə hüququ dövlət tərəfindən təmin edilib...

Əlilliyin təyin olunması qaydalarını müəyyən edən əsas normativ akt mövcuddur və həmin qərarla bu meyarların təsdiq edilməsi həyata keçirilir. Sürücülük vəsiqəsinin verilməsi bu meyarlara əsasən tənzimlənir.

Sürücülük vəsiqəsi əlilliyi olan şəxlərə hansı qaydalarla verilir?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat mütəxəssisi Azər Quliyevin sözlərinə görə, onlar əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş qaydalarla sürücülük təhsili alırlar:

“Onlara sürücülük məktəbində xüsusi bacarıqlar öyrədilir, şəhadətnamə almaq üçün əlillik üzrə tədris edilən qaydalarla oxuyurlar və bu üzrə də nəzəriyyə imtahanını verirlər. Qeyd edim ki, avtomobil idarəetmə hüquqları çərçivəsində artıq qrup məsələsi yoxdur. Birinci, ikinci, üçüncü dərəcəli məhdudlaşdırma mövcuddur. Bir müddət həmin dərəcələrin yeri dəyişdirilsə də, hazırda üçüncü dərəcə ən ağır göstərici hesab edilir, onunla nisbətdə daha yüngülü iki, sonra isə birinci dərəcə hesab edilir. Birinci dərəcə məhdudlaşma 31-60%, ikinci dərəcəli məhdudlaşma 61-80 %, üçüncü dərəcəli məhdudlaşma isə 81-100 % təşkil edir. Əlilliyin dərəcəsinə görə kimsə deyə bilməz ki, mənim dərəcəm birdir, üçdür və ya faiz dərəcəsi budur deyə sürücülük hüququ düşmür. Bunu şəxsin özü müəyyən edə bilməz. Həkimin verdiyi tibbi rəydən asılıdır. Həkim onun sağlamlığını müayinə edir, ətraflı yoxlayır, sürücülük üçün yararlı olub-olmadığını həkim müəyyən edir. Təcrübədə ən çox ruhi xəstəliyi olan, tam korluq və ya ciddi görmə qüsurlular, ciddi psixi xəstəlikləri, ağır hərəkət sistemi, əqli qüsurları olanlar, epilepsiya və huş itkisi ilə müşayiət olunan xəstəlikləri olan şəxslərə sürücülük hüququnun verilmədiyini görürük. Görmə məhdudiyyəti -6 və daha yüksək dərəcəli zəifliyi varsa, bu halda sürücülük hüququ verilmir. Bəzən görməsi eynək ilə bərpa oluna bilən şəxslərə sağlamlıq arayışı eynəyi taxmaq şərtilə verilir. Bu sürücülük müddətində eynəkdən istifadə edilməlidir. Buna görə şəxsin sürücülük vəsiqəsinin xüsusi qeydlər bölməsində eynək simvolu vurulur. Ancaq ola bilər ki, ən ağır dərəcəli əlilliyi var, aşağı ətrafları yoxdur, buna baxmayaraq sürücülük hüququ qazana bilir, avtomobil idarə edir. Bəzən olur ki, şəxs birinci dərəcəli əlildir, ancaq sürücülük hüququ qazana bilmir. Bu şərtlər şəxsin avtomobil sürmək üçün olan imkanlarına bağlı olaraq təyin edilən məsələdir. Yəni hər üç dərəcəyə mənsub olan əlillərə sürücülük vəsiqəsi verilir. Ancaq hər birinin daxilində məhdudluq mövcuddur. Məhdud formada verilən vəsiqələr isə adətən 1–2 illik tibbi rəy əsasında verilir və əlillik vəziyyəti dəyişdikdə yenilənir. Elə əlil insanlar ola bilər ki, onların əlləri də olmaz, bu halda avtmobil sürmək onlar üçün çətin olar. Amma aşağı ətrafların olmaması onların avtomobil idarəetmə hüququndan məhrum etmir. İki ayağı olmasa belə, əlləri olduğu üçün bəzən avtomobilin texniki vasitələrində dəyişikliklər edilir və o, onların idarə edilməsinə uyğunlaşdırılır. Bu halda onlar avtomobil sürə bilirlər”.

Hansı əlilliyi olan şəxslərə tanınma nişanı verilir?

Mütəxəssis bildirib ki, sağlamlıq imkanlarını 61-100 faiz itirən şəxslər (bu da dərəcə ilə hesablanır) tanınma nişanından istifadə etmə hüququ qazanır: “Həmin nişan avtomobillərin ön və arxa hissəsinə vurulur, hansı ki dəyişiklik olunmuş, əlilliyi ilə əlaqədar olan maşından istifadə edir və o avtomobilə xüsusi güzəştlər var. Məsələn, qanun bəzi qadağa nişanlarını bu şəxslərə şamil etmir. Durmanın qadağan olunduğu ərazilərdə onlar dura bilər, nişanın tələbini pozsa da, cərimə nəzərdə tutulmayıb. Hərəkət qadağan olunan 3.2 nişanın tələbini poza bilər. “Hərəkət qadağandır” işarəsi olan yerdən daxil ola bilərlər. Bu onlara edilən güzəştdir. Parklanma yerlərində onlar üçün həmişə boş yer saxlanılır. Digər sürücülər orada saxlayarlarsa, 60 manat cərimə təyin edilirlər. Bu tanınma nişanı da daha ağır dərəcəli əlil olan sürücülərə aiddir. Amma yüngül dərəcəli əlildirsə, ona tanınma nişanı verilmir. Məsələn, 31-61 faizə qədər məhdudlaşdırılmış insanlar var ki, əlil olsa da, yüngül dərəcəli hesab edilir. Belə əlillər avtomobil sürə bilir, ancaq tanınma nişanından istifadə edə bilmir. İnzibati Xətalar Məcəlləsində elə cəzalar mövcuddur ki, normal hallarda şəxslər müəyyən əsaslarla sürücülük hüququndan məhrum edilə bilərlər. Lakin bu cəzalar əlilliyi səbəbindən avtomobil idarə edən şəxslərə şamil edilmir. Çünki həmin şəxslərin hərəkət imkanları məhduddur və avtomobil onların gündəlik həyatında zəruri vasitə hesab olunur. Bu baxımdan qanunvericilik bəzi hallarda güzəştlər nəzərdə tutur”.

Poliqon.info

Seçilən
73
1
poliqon.info

2Mənbələr