Yeni il bütün yaş qrupları üçün ən sevilən bayramdır. Bu bayram günlərində də miqren tez-tez özünü xatırladır. Bayram əhval-ruhiyyəsi, bayram hazırlığı, şam yeməkləri və gecə əyləncələri miqren ağrısını tətikləyərək bir neçə gün ərzində əziyyət verə bilər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, xarici mütəxəssislər miqrenin ən yayılmış “bayram” tətikləyicilərinin siyahısını hazırlayıblar.
Yeni il süfrəsinin yeməkləri
Miqreni tətikləyən maddələr bir sıra məhsullarda mövcuddur: pendirlər, qoz-fındıq, acı şokolad, ananas, banan, alça, qurudulmuş balıq və soya sousu... Dözülməz baş ağrısının provokatorları siyahısında kolbasa məhsulları, çipslər, mayonez, xardal, balıq konservaları, eləcə də şirin qazlı içkilər də var.
Həll yolu – bayram süfrəsinin menyusuna düzgün yanaşmaqdır. Kolbasanı evdə bişirdiyiniz ətlə əvəz etmək, salatları mayonez yerinə qatıq və ya zeytun yağı ilə hazırlamaq, susuzluğu isə şirin qazlı içkilər yerinə meyvə şirəsi, minerallı su və bir neçə dilim limon ilə ödəmək olar.
Alkoqol
Yeni il gecəsi spirtli içkilərin miqdarını minimuma endirməyə çalışın. Xüsusilə quru qırmızı şərabdan çəkinmək lazımdır. Onun içində (xüsusilə yetişdirilmiş növlərdə) miqreni tətikləyən xüsusi maddə var. Daha təhlükəsiz variant olaraq bir stəkan ağ şərab içmək olar.
Kəskin qoxular
Bayram süfrəsində aromatik şamlar, iynəyarpaqlı ağac qoxusu, ağır ətir – bunlardan uzaq durmaq lazımdır. Çox vaxt miqren ağrısına səbəb “Yeni il” atmosferinin nəticəsi olur.
Yuxu rejiminin pozulması
Yeni il gecəsi vaxtında yatmağı tövsiyə etmək bir qədər qeyri-adi görünə bilər. Lakin insanlar çox vaxt bilmir ki, miqren yalnız yuxusuzluqla deyil, həddindən artıq uzun yuxu ilə də tətiklənə bilər. Bayram günlərində “yuxunu bərpa etmək” məqsədilə günortaya qədər yatmaq əvəzinə, gəzintiyə çıxmaq, konkisürmə və xizəklə məşğul olmaq, dostlarla ünsiyyət qurmaq daha faydalıdır.
Ümumi tövsiyyələr
Həm hərəkətsizlikdən, həm də fiziki və əqli yorğunluqdan qaçmaq. Ağır yük qaldırmamaq.
Vaxtında səhər və nahar etmək. Diyetalardan qaçmaq, çünki aclıq miqreni tətikləyə bilər. Qəbizliyə yol verməmək.
Ortopedik döşək və yastıqda yatmaq – daxili boyun arteriyasındakı qan dövranını normallaşdırır.
Televizor, noutbuk və planşet qarşısında uzun müddət oturmamaq (çünki ekran titrəyişi miqreni tətikləyir)
Havanın dəyişdiyi günlərdə vəziyyətinizə diqqət yetirmək, qadınlar üçün isə menstruasiya zamanı xüsusilə diqqətli olmaq.
Mümkün olduqca stresdən uzaq durmaq.
Duş qəbul etmək, üzgüçülük hovuzuna və saunaya getmək. Başın üzərinə yarım dəqiqə ərzində əvvəl isti, sonra soyuq kompreslər tətbiq etmək, bir neçə dəfə təkrarlamaq. Bir neçə gün sonra kompresləri 1,5 dəqiqəyə qədər saxlamaq və onları 6 dəfə dəyişdirmək olar.
Məlumat üçün bildirək ki, tibb təxminən 100 növ baş ağrısını tanıyır, lakin ən çox əziyyət verən miqrendir. Miqren baş ağrısı kəskin olur, qusma və ürək bulanması ilə müşayiət oluna bilər, güclü işıq, yüksək səs və hərəkət zamanı şiddətlənir. Ağrı başın yarısını bürüyür (çox nadir hallarda hər iki tərəfi bir anda). Göz önündə işıqlar, parıltılar görünür.
Əllərdə titrəmə və soyuqluq hiss olunur. İnsan ətrafdan uzaqlaşmaq və yuxuya getmək istəyir, amma bu çox çətin baş verir. Şiddətli ağrı qəfildən başlayır və 4 saatdan 3 günə qədər davam edə bilər. Bərpa olunduqdan sonra insan özünü demək olar ki, yenidən həyat dolu hiss edir, lakin bu xoşbəxtlik hissi yalnız növbəti ağrıya qədər davam edir. Belə ağrılar ayda bir neçə dəfə baş verə bilər.
Miqrenden planetin hər onuncu sakini əziyyət çəkir, lakin şiddətli ağrılar əsasən qadınlarda baş verir. Miqren irsi xəstəlikdir və halların 60%-də qadın xəttilə ötürülür. Atadan xəstəliyi alma riski isə 20%-dir. Lakin hər iki valideyn xəstədirsə, xəstələnmə ehtimalı 90%-ə qədər artır. Qadınların əksəriyyətində xəstəlik menopauzadan sonra öz-özünə keçir.
Şiddətli miqren ağrısına dözmək olmaz. Lakin televiziya reklamlarından tanış olduğumuz ağrıkəsicilər və spazmolitiklərlə ağrını boğmaq da düzgün deyil.
Bu gün nevroloqlar tərəfindən yaxşı tanınan dərmanlar mövcuddur ki, onlar bu problemin öhdəsindən gəlməyə imkan verir.
Əsas odur ki, dərmanları ağrının ilk yarım saatı ərzində, yəni ağrının başlanğıcında qəbul etmək lazımdır.