AZ

Əziz Ələkbərli: “Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq hüququn ayrılmaz tərkib hissəsidir”



2025-ci il Azərbaycanın ictimai-siyasi salnaməsinə sadəcə növbəti bir təqvim ili kimi deyil, Qərbi Azərbaycana Qayıdış ideyasının milli hədəfdən qlobal siyasi gündəmin əsas mövzusuna çevrildiyi dönüş mərhələsi kimi düşdü. Ötən bir il ərzində Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Qərbi Azərbaycan İcmasının sistemli fəaliyyəti sayəsində "Qayıdış hüququ" beynəlxalq diplomatiyanın müzakirə masasına daşındı, tarixi həqiqətlər hüquqi müstəvidə öz təsdiqini tapdı. Bəs, erməni lobbisini ciddi təşvişə salan, dünyanın 57 müsəlman ölkəsinin birmənalı dəstəyini qazanan və tarixi irsimizi peyk görüntüləri ilə sənədləşdirən İcma 2025-ci ili hansı nəticələrlə yekunlaşdırır?

Bu və digər mühüm məqamlara aydınlıq gətirmək üçün Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli ilə həmsöhbət olduq.

– Əziz müəllim, 2025-ci il Qərbi Azərbaycan İcması üçün yaddaşlarda necə qaldı? İlin ümumi mənzərəsini bir siyasi xadim kimi necə xarakterizə edərdiniz?

– 2025-ci ili Qərbi Azərbaycan məsələsinin beynəlxalq səviyyədə tanınması və tam şəkildə hüquqi müstəviyə keçidi baxımından "həlledici il" adlandırmaq olar. Dövlət başçısı cənab İlham Əliyev ötən bir il ərzində bu məsələni ən uca kürsülərdən düz 9 dəfə, ümumiyyətlə isə 67 dəfə səsləndirib. Yanvarın 7-dən etibarən istər Ankarada, istər Xankəndidəki mötəbər Zirvə görüşlərində, istərsə də Bakıda təşkil olunan III beynəlxalq konfransa ünvanlandığı müraciətində cənab Prezident bu məsələyə öz qəti dəstəyini hər addımda nümayiş etdirdi. Məhz bu siyasi iradə bizə imkan verdi ki, İcma qısa müddətdə həm ölkə daxilində, həm də xaricdə çevik və effektiv siyasi mexanizmə çevrilsin.

– Beynəlxalq arenadakı rəqəmlər kifayət qədər ciddi fəallıqdan xəbər verir. Xüsusilə BMT səviyyəsində həyata keçirilən addımlar barədə nə deyə bilərsiniz?

– Bəli, builki diplomatiya cəbhəsində statistik göstəricilərimiz olduqca əhəmiyyətlidir. BMT-nin ən nüfuzlu orqanları — Təhlükəsizlik Şurası, Baş Assambleya və İqtisadi və Sosial Şuranın rəsmi sənədi statusunda yayılan müraciətlərimizin sayı bu gün 11-ə çatıb. Xarici İşlər Nazirliyi ilə sıx koordinasiyada müxtəlif beynəlxalq mərkəzlərə ümumilikdə 119 məktub ünvanlamışıq. Ermənistanın və bəzi qərəzli dairələrin həqiqətləri təhrif edən cəhdlərinə qarşı bu il 35, fəaliyyət dövrümüzdə isə cəmi 339 bəyanatla çıxış edərək, informasiya hücumlarının qarşısını vaxtında almışıq.

– Coğrafi baxımdan da fəaliyyət dairəniz kifayət qədər genişdir. Bu il səsimizi daha çox haralarda ucalda bildik?

– Nümayəndələrimiz Türkiyə, Polşa, Macarıstan, Qazaxıstan, Özbəkistan, Mərakeş, Avstriya, Belçika və İordaniya kimi ölkələrdə keçirilən mötəbər konfranslarda Qərbi Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıblar. Ümumilikdə beynəlxalq tədbirlərdə 43 dəfə yüksək səviyyədə təmsil olunmuşuq. Bununla yanaşı, Bakıda xarici diplomatlar və müxtəlif nümayəndə heyətləri ilə 78 görüşümüz baş tutub. Milli Məclisdə keçirilən 6 ictimai dinləmə isə bu məsələnin daxili siyasi gündəmimizdə nə dərəcədə önəmli yer tutduğunu bir daha sübut etdi.

– İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda qəbul etdiyi qətnaməni də bu silsilə uğurların zirvəsi saymaq olarmı?

– Şübhəsiz. 57 ölkənin yekdil dəstəyi ilə “İndiki Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbul edilməsi tarixi bir hadisədir. Bu, sadəcə siyasi sənəd deyil, müsəlman aləminin ortaq və vahid mövqeyidir. Eyni zamanda, Ermənistanın illərdir qurduğu yalan təbliğat maşınına vurulan ən ağır zərbələrdən biridir.

– Əziz müəllim, Qərbi Azərbaycanın tarixi, mədəni irsi və dil xüsusiyyətlərinin elmi əsaslarla araşdırılması istiqamətində AMEA-da hansı sistemli işlər görülməkdədir?

– Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çox ciddi bir institusional baza yaradılıb. Əlyazmalar İnstitutunda fəaliyyət göstərən xüsusi şöbə məhz Qərbi Azərbaycan və Qarabağa dair qədim əlyazmaları, sənədləri fundamental şəkildə araşdırır. Tarix və Etnologiya İnstitutu bölgənin keçmişini təkzibedilməz faktlarla ortaya qoyur, Folklor İnstitutu isə bizim qeyri-maddi mədəni irsimizi zərrə-zərrə toplayaraq sənədləşdirir. Dilçilik İnstitutunda Toponimika şöbəsinin fəaliyyəti isə tarixi yer adlarımızın elmi etimologiyasını bərpa etmək baxımından əvəzsizdir. Bu elmi bölmələrin hər biri bizim "Qayıdış Konsepsiyamızın" sarsılmaz sütunlarıdır. Biz həm beynəlxalq birliyə, həm də gələcək nəsillərə sübut edirik ki, o torpaqlarda minilliklərin sınağından çıxmış Azərbaycan türkü möhürü var.

– 2025-ci il həm də yer adlarımızın bərpası və daxili təşkilatlanma baxımından yadda qaldı. Bu sahədə nə kimi irəliləyişlər var?

– Biz tarixi ədaləti təkcə sözdə deyil, həm də xəritələrdə və gündəlik həyatımızda bərpa edirik. Paytaxt Bakıda İcmanın yerləşdiyi küçəyə görkəmli sənətkar Mirzə Qədim İrəvaninin adı verilib. Göygöl, Ağstafa, Tovuz, Qazax kimi rayonlarda yeni küçələrə Basarkeçər, Zəngəzur, Göyçə, Vedi kimi tarixi yurd yerlərimizin adları verilib. Təşkilatlanma işlərimiz də eyni sürətlə davam edir: Qərbi Azərbaycanın müxtəlif rayon və kəndlərini əhatə edən 24 yerli icma artıq tam formalaşıb. Hazırda respublikanın 62 şəhər və rayonunda nümayəndəliklərimiz aktiv fəaliyyət göstərir. Bu günə qədər 12 mindən çox soydaşımıza İcma vəsiqələri və döş nişanlarrı təqdim olunub ki, bu da birliyin böyüklüyünü göstərir.

– Ermənistan tərəfinin İcmanın fəaliyyətinə qarşı aşkar bir təşviş içində olduğu görünür. Sizcə, bunun kökündə nə dayanır?

– Qorxunun əsas səbəbi həqiqətdir. İllər boyu Ermənistan özünü dünyaya "əzilən" xalq kimi sırımağa çalışıb, biz isə bu saxta stereotipi darmadağın etdik. Onları təşvişə salan əsas məqam odur ki, biz məsələni emosional çərçivədən çıxarıb sırf beynəlxalq hüquq müstəvisinə – "Qayıdış hüququ"na daşıdıq. Onlar görürlər ki, bu prosesin arxasında Azərbaycan dövlətinin sarsılmaz iradəsi dayanır. Biz onların cinayətlərini hüquqi sənəd halına salırıq və dünya artıq onların monoetnik dövlət yaratmaq üçün törətdikləri vandalizm və deportasiyalardan xəbərdardır.

– Sizin həmmüəllifi olduğunuz "Qərbi Azərbaycan irsi" kitabı bu il böyük əks-səda doğurdu. Bu kitab hansı yeni faktları gün üzünə çıxardı?

– Bu kitab Ermənistanın törətdiyi mədəni-tarixi soyqırımı sübut edən hüquqi ittihamnamədir. Tədqiqatçı alim dostum Səbuhi Hüseynovla birgə hazırladığımız bu əsərdə XIX-XX əsrlərə aid hərbi xəritələrdən və ABŞ-ın məxfilikdən çıxarılmış peyk görüntülərindən istifadə etmişik. Kitabda Ermənistan ərazisindəki 200-dən çox azərbaycanlı qəbiristanlığının monitorinqini aparmışıq. Peyk təsvirləri ilə təkzibedilməz şəkildə sübut etdik ki, bu məzarlıqlar necə sistemli şəkildə yer üzündən silinib. Bu faktlar beynəlxalq məhkəmələrdə bizim ən kəsərli silahımız olacaq.

– Elm və mədəniyyət istiqamətində dövlət səviyyəsində görülən digər addımları necə qiymətləndirirsiniz?

– Heydər Əliyev Fondunun "Virtual Qərbi Azərbaycan" platforması elmi bazamızı rəqəmsal müstəvidə gücləndirdi. Aparıcı universitetlərimizdə Qərbi Azərbaycanı araşdıran mərkəzlər açılıb. Ölkə başçısının sərəncamları ilə Mirzə Qədim İrəvaninin 200, akademik Mustafa Topçubaşovun 130 illik yubileyləri yüksək səviyyədə qeyd olunub. Bu günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının açılışı oldu. İcmamızın görkəmli üzvlərinin dövlət ordenləri ilə təltif edilməsi isə bu mənəvi irsin daşıyıcılarına verilən ən yüksək dəyərdir. Qafqaz Müsəlmanları İdarəsinin qərarı ilə İrəvan qazılığının fəaliyyətinin bərpası isə mənəvi qayıdışımızın mühüm addımlarındandır.

– Sonda, 2026-cı ilə baxışınız və gözləntiləriniz nədir?

– Hədəfimiz bəllidir: "Qayıdış Konsepsiyası"na uyğun olaraq öz dədə-baba yurdlarımıza qovuşmaq. 2025-ci ildə görülən işlər, daha da möhkəmləndirilən siyasi-hüquqi baza bizi məqsədimizə hər gün bir addım daha yaxınlaşdırır.

– Əziz müəllim, bu məzmunlu söhbət üçün Sizə təşəkkür edirik. İnanırıq ki, növbəti müsahibələrimizi doğma Göyçədə, Zəngəzurda, İrəvanda reallaşdıracağıq. Qayıdışımız xeyirli və yaxın olsun!

– Çox sağ olun, mən də bu xoş arzulara qoşuluram. İnşallah, o gün uzaqda deyil!

Söhbətləşdi: Azər Məmmədov
aia.az




Seçilən
37
50
aia.az

10Mənbələr