AZ

Alimlərdən maraqlı araşdırma: telefonla yemək kökəlməyə səbəb olmur

Aparılan elmi araşdırmaya görə, yemək zamanı smartfondan istifadə etmək düşündüyümüz qədər artıq qida qəbuluna səbəb olmur. Əksinə, televiziya izləyərək yemək yemək həddindən artıq yemə riskini daha çox artırır.

Editor.az xəbər verir ki, ABŞ-ın Massaçusets ştatında yerləşən Vuster Politexnik İnstitutunun (Worcester Polytechnic Institute) alimləri yemək zamanı müxtəlif rəqəmsal diqqət yayındırıcılarının qida qəbuluna təsirini araşdırıblar.

Araşdırma çərçivəsində 114 kişi və qadın könüllü iştirak edib. İştirakçılar tədqiqatın əsas məqsədindən xəbərsiz olub və eksperimentin çoxlu tapşırıq yerinə yetirmə ilə bağlı olduğunu düşünüblər. Bütün könüllülərə eyni növ qəlyanaltılar — çips və şokolad təqdim edilib və onlar üç qrupa bölünüblər.

Birinci qrup yemək zamanı televiziya izləyib, ikinci qrup smartfonlardan istifadə edib, üçüncü qrup isə heç bir diqqət yayındırıcı amil olmadan qidalanıb. Tədqiqatçılar hər bir iştirakçının qəbul etdiyi qida miqdarını qeydə alıblar.

Nəticələr göstərib ki, televiziya izləmək qəlyanaltıların kalori qəbulunu əhəmiyyətli dərəcədə artırır. Belə ki, televiziya izləyən qrup orta hesabla 164 kilokalori, diqqət yayındırıcı vasitələrdən istifadə etməyənlər isə təxminən 131 kilokalori qəbul ediblər. Smartfondan istifadə edənlərlə etməyənlər arasında isə fərq minimal olub və statistik baxımdan əhəmiyyətli sayılmayıb.

Araşdırmanı aparan psixoloqlar bildiriblər ki, əldə olunan nəticələr televiziya izləməyin həddindən artıq yeməyə və daha sağlam olmayan qidalanma vərdişlərinin formalaşmasına daha çox təsir etdiyini göstərir. Onların fikrincə, televiziya güclü diqqət yayındırıcı vasitədir və beynin nəyi və nə qədər yediyini qeydə almasını çətinləşdirərək doymama hissinə səbəb ola bilər.

Alimlər həmçinin qeyd ediblər ki, smartfonlardan istifadə zamanı hər iki əlin məşğul olması qida qəbuluna təsiri nisbətən azaldır. Televiziya qarşısında isə əllər sərbəst qalır və bu da yeməyin demək olar ki, avtomatik şəkildə qəbul edilməsinə şərait yaradır.

Tədqiqat müəllifləri porsiya ölçüsünə və şəxsi qidalanma vərdişlərinə daha yaxşı nəzarət etmək üçün yemək zamanı televiziya izləməkdən mümkün qədər çəkinməyi tövsiyə ediblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr