AZ

“Azərtütün”: Şimal-qərb rayonlarında quru tütün istehsalı 985 ton artıb

Zaqatala, 29 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikamızın şimal-qərb bölgəsində fəaliyyət göstərən emal məntəqələrində 2215 ton quru tütün istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 985 ton çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.

Qurumdan bildirilib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 868,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanıb. Mövsüm ərzində ASC-nin bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 365,6 ton yaş tütün daxil olub. Bu, ötən illə müqayisədə 6 min ton çoxdur.

Builki mövsümdə “Azərtütün” ASC ilə müqaviləsi olan Şəki rayonunun fermerləri 1074,2 ton, Zaqatala rayonunun fermerləri 541,6 ton, qaxlı fermerlər 387,3 ton, balakənli fermerlər 136 ton, oğuzlu fermerlər isə 75,9 ton quru tütün istehsal ediblər.

Hazırda şirkət tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan rayonlarda gələnilki mövsüm üçün tütün əkininə hazırlıq işləri görülür. Tütün istehsalı ilə əlaqədar artıq cəmiyyət tərəfindən fermerlərlə müqavilələrin bağlanılmasına da başlanılıb. Eyni zamanda, tütün əkiləcək sahələrdə don şumu aparılır.

 

Seçilən
109
1
azertag.az

2Mənbələr