AZ

AGF rəsmisi: "Azərbaycan dilini öyrənən Əmirreza özünü ölkəmizdə rahat və xoşbəxt hiss edir" - MÜSAHİBƏ

Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev "Far.Az"a müsahibə verib. AGF rəsmisi 2025-ci ilin nəticələrini dəyərləndirib. O, həmçinin iranlı güləşçi Əmirreza Məsuminin Azərbaycan millisinə keçidi ilə bağlı məsələyə münasibət bildirib.

- Azərbaycan güləşi üçün 2025-ci ili necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, güləş hər zaman ölkənin ən uğurlu idman növlərindən biri kimi tanınır. 2025-ci ildə qazanılan nəticələr də güləşin statusuna uyğun oldu. Avropa çempionatlarında 22 qızıl, 21 gümüş, 30 bürünc medal qazandıq. Müxtəlif yaş qruplarında 6 millimiz komanda hesabında qitə çempionu oldu. Dünya çempionatlarında 11 qızıl, 6 gümüş və 18 bürünc medal əldə etdik. Ümumilikdə 14 komandamız dünya və Avropa çempionatlarında 14 dəfə komanda hesabında ilk "3-lük"də yer aldı. Ümumilikdə il ərzində bütün beynəlxalq turnirlərdə güləşçilərimiz 65 qızıl, 75 gümüş və 112 bürünc medal qazandılar. Eyni zamanda müxtəlif infrastruktur layihələri həyata keçirildi. Fərqli bölgələrdə federasiyanın dəstəyi ilə yeni zallar istifadəyə verildi.

- İlin sonunda Prezident İlham Əliyev Güləş Federasiyasının bir neçə idmançı və məşqçisini təltif etdi...

- Sözsüz ki, ilin ən önəmli hadisələrindən biri cənab Prezidentin güləş ailəsinin bir sıra üzvlərini müxtəlif fəxri adlar və mükafatlarla təltif etməsi oldu. Ölkə başçısının həmişə olduğu kimi, idmana və idman xadimlərinə diqqət və qayğısına bir daha əyani şahid olduq. Bu da hər zaman idman ictimaiyyətinə böyük ruh yüksəkliyi və motivasiya verir.

- Son günlər yerli və xarici mətbuatda iranlı güləşçi Əmirreza Məsuminin Azərbaycan millisinə keçidi barədə müxtəlif xəbərlər yayılır. Bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Güləş Federasiyası Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində milli komandaların potensialının artırılması istiqamətində ardıcıl və sistemli təkmilləşdirmə işləri həyata keçirir. Bu proses çərçivəsində uzunmüddətli hazırlıq planı formalaşdırılır, olimpiya çəki dərəcələri üzrə heyətlərin optimal şəkildə komplektləşdirilməsi təmin olunur. Bildiyiniz kimi, tarixən ölkəmizdə ağır çəkilərdə güləşçilərin sayının az olması səbəbindən federasiya bu çəkilərdə legioner güləşçilərin xidmətindən yararlanıb. Sevindirici haldır ki, 125 kq çəki dərəcəsi üzrə dünya miqyasında nadir və olduqca perspektivli idmançılardan biri olan Əmirreza Məsumi ilə aparılan uzunmüddətli danışıqlar uğurla nəticələndi. O, dəfələrlə U-17, U-20 və U-23 yaş qrupları üzrə dünya çempionu, eləcə də U-20 yaş qrupunda və böyüklər arasında Asiya çempionatının qızıl medalçısıdır. Bu nəticələr onu 125 kq çəki dərəcəsində beynəlxalq arenada əsas favoritlərdən birinə çevirir. ABŞ, Qətər, Türkiyə və Ermənistan kimi ölkələrin onunla maraqlanmasına baxmayaraq, Azərbaycan idmanının davamlı inkişafı və Azərbaycan güləşinin uğurları danışıqlar prosesində həlledici amillərdən biri oldu. Hazırda Azərbaycan dilini öyrənən Əmirreza özünü ölkəmizdə rahat və xoşbəxt hiss edir, milli formanı geyinməyi öz idman gələcəyinin bir parçası kimi görür. 21 yaşlı perspektivli güləşçi ilə uzunmüddətli müqavilə imzalanıb və o, Dünya Güləş Birliyinin (UWW) müvafiq qaydalarına uyğun olaraq gələcəkdə Azərbaycanın adından çıxış edəcək. Əmirrezanın milli komandamıza cəlb olunması təkcə ölkə daxilində deyil, dünya güləş ictimaiyyətinin də diqqət mərkəzindədir. Hətta son günlər sosial şəbəkələrdə onun Azərbaycanda alacağı məvaciblə bağlı müxtəlif mülahizələr səsləndirilir. Qeyd etmək istərdim ki, Əmirreza ilə imzalanan müqavilənin maliyyə şərtləri Azərbaycan milli komandasının əməkhaqqı siyasətinə tam uyğundur.

Seçilən
42
23
far.az

10Mənbələr