Ukrayna, ABŞ, Rusiya və Avropa arasında müharibənin sona çatmasına dair 20 maddədən ibarət əsas sənədin referendum yolu ilə təsdiqlənməsi nəzərdə tutulur.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə söhbətində bildirib.
Zelenskinin sözlərinə görə, 20 maddəlik planın referendumda təsdiqlənməsi sənədə ən güclü hüquqi və tarixi legitimlik qazandıracaq:
“Biz hesab edirik ki, bu plan referendum yolu ilə təsdiqlənməlidir. Bu, sənədin gücünün ən mühüm tarixi imzasıdır. Hamı bunu müsbət qarşılamaya bilər, lakin bu yanaşma bir nəfərin və ya 450 deputatın deyil, milyonlarla insanın iradəsinin açıq şəkildə ifadəsini təmin edir”.
Prezident qeyd edib ki, Rusiya Ukraynada referendum keçirilməsinə müsbət yanaşmır.
“Referendum təhlükəsizlik və sabit infrastruktur tələb edir. Bu isə atəşkəs deməkdir. Bizim hesablamalarımıza görə, referendumun təşkili üçün ən azı 60 günlük atəşkəs lazımdır. Lakin Rusiya bu müddət üçün atəşkəsə razılıq vermək istəmir”, – deyə Zelenski vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az