AZ

Rabitəbank Azərbaycanda İslam bankçılığı üzrə Mudaraba və Murabaha məhsullarının tətbiqinəBAŞLAYIR

Rabitəbank müştərilərin alternativ maliyyə ehtiyaclarının qarşılanması, maliyyə inklüzivliyinin genişləndirilməsi və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində mühüm addım atır. Bank 1 Fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba (islami qayda ilə yerləşdirmə) və Murabaha (islami qayda ilə cəlbetmə) məhsullarını xüsusi tənzimləmə rejimi çərçivəsində təqdim edəcək.

Mudaraba məhsulu üzrə cəlb ediləcək vəsaitlərin minimum məbləği 500 AZN və ya onun ekvivalenti, maksimum məbləği isə 500.000 AZN və ya onun ekvivalenti təşkil edir. Depozitin müddəti 12 aya qədər müəyyən edilir və bu məhsul üzrə maksimum 1000 nəfər sərmayəçinin iştirakı nəzərdə tutulur. Bu məhsuldan həm sahibkarlar və həm də fiziki şəxslər yararlana bilər. Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunacaq və əldə edilən gəlirdən sərmayəçilərin payı təmin ediləcək.

Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasının maliyyələşdirilməsi məqsədilə təqdim edilir. Bu məhsul üzrə kredit məbləği minimum 30.000 AZN, maksimum isə 500.000 AZN və ya onun ekvivalenti səviyyəsində müəyyən edilib. Kredit müddəti maksimum 12 ay təşkil edir. Murabaha çərçivəsində şəriət qaydaları ilə qadağan edilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür və bu məhsuldan yalnız sahibkarlar yararlana biləcəklər.

Hər iki məhsuldan həm dini inanclı sahibkarlar, həm də İslam bankçılığına maraq göstərən digər müştərilər yararlana bilərlər. Məhsullar üzərində nəzarət həm Azərbaycan Respublikasının Mərkəzi Bankı, həm də Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən İslam Şurası tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, Rabitəbank müştərilər üçün mütəmadi olaraq müvafiq hesabatların açıqlanmasını təmin edəcək.

Mudaraba və Murabaha təşəbbüsləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçiriləcək. Bu rejim innovativ maliyyə xidmətlərinin bazara çıxarılmasına, maliyyə xidmətlərinin təhlükəsizliyinin və əlçatanlığının artırılmasına, eləcə də ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir. Sınaq müddətinin sonunda əldə olunan nəticələrin müsbət olması halında, bu maliyyə alətləri daimi əsaslarla tətbiq ediləcək və qeyd olunan addım ölkədə İslam bankçılığının formalaşdırılması istiqamətində mühüm mərhələ olacaq.

Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyə ehtiyaclarına uyğun yeni imkanlar yaradır. Bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, bu təşəbbüs ölkədə İslam bankçılığının formalaşdırılması və alternativ maliyyə mexanizmlərinin inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Seçilən
57
5
redaktor.az

10Mənbələr