AZ

Azərbaycanda Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisinə dair layihə şirkəti yaradılıb

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması qurğusunun tikintisi üzrə dövlət-özəl tərəfdaşlığı çərçivəsində "Caspian Sea Azerbaijan Project Co" layihə şirkəti yaradılıb.

FED.az xəbər verir ki, "ACWA Power"in Səudiyyə Ərəbistanının "Tadawul" fond birjası üçün bəyanatına görə, şirkət layihə strukturunun 100 % səhminə sahib olacaq.

Layihə Sumqayıt Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunu duzsuzlaşdırılması üzrə zavodun inşasını nəzərdə tutur. Layihə "ACWA Power" və Türkiyənin "IC İçtaş İnşaat" şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilir.

Layihənin ümumi dəyəri 407 milyon ABŞ dolları təşkil edir.

Razılaşmanın şərtlərinə görə, layihənin icra müddəti 27,5 il müəyyən edilib və bu müddət başa çatdıqdan sonra obyekt ADSEA-nın idarəetməsinə veriləcək. Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır.

Razılaşma layihənin tam reallaşdırılma dövrünü - obyektin layihələndirilməsi, mühəndislik işləri, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti əhatə edir.

Zavodun tam istismara verilməsi 2028-ci ilin dördüncü rübünə planlaşdırılır. (Report)

Seçilən
26
fed.az

1Mənbələr