AZ

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi qarlı hava şəraitində fasiləsiz rejimdə çalışır » AzadMedia.az


Ölkənin bir sıra bölgələrində, o cümlədən Şamaxı rayonunda müşahidə olunan güclü qar yağışı və şaxtalı hava yolların buzlaşmasına səbəb olub.

Mövcud vəziyyətin yaratdığı risklərin aradan qaldırılması, vətəndaşların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin əməkdaşları və xüsusi texnikası gücləndirilmiş iş rejiminə keçiblər.

Hazırda idarənin işçi heyəti və xüsusi texnikası Şamaxı–Cabanı–Əngəxaran kənd yolu istiqamətində fasiləsiz olaraq təmizləmə və təhlükəsizlik tədbirlərini həyata keçirir. Yol örtüyü qardan təmizlənir, sürüşmənin qarşısını almaq üçün yollara qum və duz səpilir, problemli ərazilər xüsusi nəzarətdə saxlanılır.
İdarənin sahə rəisi Şahin Cavadovun AzadMedia.az-a verdiyi məlumata görə, qar yağıntısının intensivləşdiyi gecə saatlarından etibarən əməkdaşlar növbəli iş rejimində yollara cəlb olunub:

“Əsas məqsədimiz sürücülərin və piyadaların təhlükəsizliyini təmin etməkdir. Bu səbəbdən texnika və canlı qüvvə ilə yolların buzdan və qardan vaxtında təmizlənməsi həyata keçirilir. Xüsusilə kənd yollarında vəziyyət daim nəzarətdə saxlanılır.”

Qeyd edək ki, görülən işlər “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin rəhbəri Nazim Eynallının birbaşa nəzarəti altında icra olunur. Rəhbərlik tərəfindən sahələr üzrə operativ tapşırıqlar verilir, texnikanın fasiləsiz fəaliyyəti təmin edilir, işçilərin təhlükəsizliyi və iş şəraiti diqqət mərkəzində saxlanılır. Nazim Eynallı tərəfindən mövcud hava şəraiti ilə bağlı vəziyyət daim izlənilir və zəruri hallarda əlavə qüvvələrin cəlb olunması üçün operativ qərarlar qəbul edilir.

Qurumun kollektivi çətin hava şəraitinə baxmayaraq, yolların açıq saxlanılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün gecə-gündüz fəaliyyətini davam etdirir.
Seçilən
6
10
azadmedia.az

10Mənbələr