AZ

Məhkəmə-prokurorluq-vəkillik münasibətlərində dəyişən balans - Əliməmməd Nuriyev

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 28 dekabr Vəkil Günü kimi təsis edilib. Son illər, xüsusilə də 2025-ci Vəkillik İnstitunda hansı dəıyişikliklə müşahidə olunub.

Bu istiqamətdə Hafta.az-a Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev danışıb.

- Son illərdə vəkillik institutunda baş verən dəyişiklikləri necə qeyd edərdiz?

- Əvvəla qeyd etməliyəm ki, bu tarix yalnız peşə bayramı kimi deyil, Azərbaycanda vəkillik institutunun keçdiyi yolu, hazırda çatdığı mərhələni və qarşıdakı çağırışları faktlara söykənərək dəyərləndirmək üçün də ciddi əsas yaradır. Bir vaxtlar, 2017-ci ildə Azərbaycanda cəmi 931 vəkil fəaliyyət göstərirdi. Ondan əvvəlki dövrlərdə bu rəqəm 400–500 nəfər civarında idi. Bu gün isə mənzərə əsaslı şəkildə dəyişib. 2025-ci ilin sonuna vəkillərin sayı 2 836 nəfərə çatıb. Onlardan 633-ü qadın, 2 203-ü kişidir. Rəsmi çıxışlarda 2026-cı il üçün bu rəqəmin 3 000-i keçəcəyi açıq şəkildə ifadə olunur.Əsas məqam  ondadır ki, bu artım nəzarətsiz kütləviləşmə ilə müşayiət olunmayıb. Kəmiyyət genişlənməsi qəbul mexanizmlərinin şəffaflaşdırılması, icbari tədris və etik-intizam nəzarəti ilə paralel aparılıb. Say artıb, amma peşə standartları aşağı düşməyib.

- Vəkilliyə qəbulun açıq mexanizmi nədir?

- 2018–2025-ci illər ərzində 15 test imtahanı keçirilib. Bu imtahanlarda 6 480 namizəd iştirak edib. Onlardan 1 912 nəfər icbari tədrisi tamamlayaraq and içib vəkil fəaliyyətinə başlayıb. Bu statistika vəkilliyə qəbulun qapalı və subyektiv mexanizmlərdən çıxaraq açıq, ölçülə bilən və rəqabətə əsaslanan sistemə çevrildiyini göstərir. Cəmiyyətdə formalaşan əsas yanaşma da bundan ibarətdir: vəkil olmaq imtiyaz deyil, peşə sınağının nəticəsidir.

- Dövlət hesabına hüquqi yardım institutu necə qurulub?

- Hüquqi yardım institutu real maliyyə əsasları üzərində qurulub. Təkcə 2025-ci ildə 34 073 qərar üzrə hüquqi yardım göstərilib və vəkillərə 5 999 874,51 manat ödəniş edilib. Saatlıq ödənişin 6 manatdan 11 manata qaldırılması bu sahəyə yanaşmanın dəyişdiyini göstərir. 2026-cı il üçün dövlət büdcəsində bu məqsədlə 9 milyon manat vəsaitin nəzərdə tutulması isə hüquqi yardımın xeyriyyə mexanizmi deyil, dövlətin sosial ədalət siyasətinin tərkib hissəsi kimi qəbul edildiyini təsdiqləyir.

- Vəkillik institutu üçün infrastruktur və regional əlçatanlıq necədir?

- İnstitutun gücü yalnız normativ bazayla yox, onu daşıyan institusional mühitlə möhkəmlənir. Son illərdə “infrastruktur” mövzusu vəkillik üçün ilk dəfə bu qədər real məna kəsb edib. Vəkillər Kollegiyasının sədri Anar Bağırovun açıqlamasına görə, yaxın dövrdə “Vəkil evi” – Kollegiyanın yeni inzibati binasının açılışı nəzərdə tutulur. Bu bina yalnız fiziki məkan deyil, institutun inkişafı üçün təşkilati baza rolunu oynamalıdır. Regionlarda da oxşar xətt müşahidə olunur. Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsi və digər bölgələrdə vəkil bürolarının yaradılması vəkillik xidmətinin Bakı mərkəzli görüntüsünü yumşaldan, peşənin regionlarda da dayanıqlı qurulmasına xidmət edən addımlardır.

- Məhkəmə-prokurorluq-vəkillik münasibətlərində dəyişən balans nədir?

- Əvvəllər bu münasibətlərdə institusional gərginliklər mövcud idi. Bu gün isə vəkillik məhkəmə sisteminin tanınan elementi, ədalət mühakiməsinin bərabərhüquqlu iştirakçısı kimi qəbul olunmaqdadır. Vəkilin prosesdəki rolu dəyişir. Bu gün vəkil təkcə müdafiəçi deyil, hüquqi strategiya quran, sübutların qiymətləndirilməsində fəal iştirak edən, məhkəmə mədəniyyətinə təsir göstərən peşəkar subyektə çevrilməkdədir. Bu dəyişiklik yalnız vəkillərin yox, bütövlükdə məhkəmə ədalətinin keyfiyyət göstəricisidir.

- Vəkil peşəsinin “ictimai etimad və sosial məsuliyyəti” deyərkən, ilk növbədə hansı prinsiplər diqqət çəkir?

- Müasir vəkillik məhkəmə zalı ilə məhdudlaşmır. Sosial həssas qruplara hüquqi yardım, hüquqi maarifləndirmə təşəbbüsləri və ictimai müzakirələrdə əsaslandırılmış hüquqi mövqelərin ortaya qoyulması vəkil peşəsinin ictimai məsuliyyət tərəfini gücləndirir. Bu istiqamətdə atılan addımlar cəmiyyətlə hüquq arasında etibarlı körpü yaradır. Qeyd edim ki, 2025-ci ildə Kollegiyaya 893 intizam şikayəti daxil olub, 148 intizam qərarı qəbul edilib. Bu statistika açıq mesaj verir: vəkillik statusdur, toxunulmazlıq deyil. Etik davranışa tələbkarlıq institutun sağlamlığını və cəmiyyətin etimadını qoruyan əsas mexanizmdir.

- İdarəetmədə ardıcıllıq necə qorunur?

- Qəbul mexanizmlərinin təkmilləşdirilməsi, icbari tədrisin institusional xarakter alması, sosial vəkillik modelinin qurulması və etik-intizam nəzarətinin gücləndirilməsi vahid idarəetmə xətti üzrə aparılıb.
Bu kontekstdə Vəkillər Kollegiyasının fəaliyyəti, o cümlədən Kollegiyanın sədri Anar Bağırovun rolu şəxsi fiqurun önə çəkilməsi kimi deyil, qurulan mexanizmlərin ardıcıl işləməsi baxımından qiymətləndirilməlidir. Burada əsas məsələ adlar yox, formalaşmış və işlək hala gətirilmiş sistemdir.

- Növbəti mərhələnin gündəliyi nədir?

- Qarşıdakı dövr üçün əsas prioritetlər artıq aydındır: -ixtisaslaşmanın dərinləşdirilməsi; regional balansın gücləndirilməsi; vəkillərin sosial təminatlarının yaxşılaşdırılması; müdafiə fəaliyyətinin keyfiyyət göstəricilərinin formalaşdırılması; beynəlxalq inteqrasiyanın sistemli xarakter alması. Bu gün artıq müzakirə vəkilliyin mövcudluğu üzərindən deyil, onun keyfiyyəti və məsuliyyət səviyyəsi üzərindən aparılır. Bu isə institutun hansı mərhələyə çatdığını göstərən ən real meyardır. Mövcud dinamika təsadüfi deyil. Bu, rəqəmlərlə ölçülən, idarə olunan və cavabdehlik tələb edən institusional inkişaf xəttidir.

Tahirə Qafarlı

Seçilən
26
hafta.az

1Mənbələr