AZ

2026-cı ilin ilk ulduz yağışı: Kvadrantidlər nə vaxt və haradan görünəcək?

Yeni ilin ilk günlərində səmanı bəzəyən ən güclü astronomik hadisələrdən biri Kvadrantidlər ulduz yağışıdır. Bu meteor axını avqustdakı Perseidlər və dekabrdakı Geminidlərlə birlikdə ilin ən parlaq üç ulduz yağışından sayılır.

AzPost xəbər verir ki, kvadrantidlər 28 dekabr 2025-ci ildən 12 yanvar 2026-cı ilədək aktiv olacaq. Ən yüksək fəallıq isə 3-dən 4 yanvara keçən gecə, təxminən gecə saat 02:00 radələrində gözlənilir. Bu vaxt saatda 100-dən çox meteor müşahidə etmək mümkün ola bilər. Lakin 2026-cı ildə dolunay səbəbindən müşahidə şəraiti çətinləşəcək. Parlaq Ay bütün gecə səmanı işıqlandıracağı üçün adi gözlə əsasən yalnız iri və parlaq meteorları görmək mümkün olacaq.

Müşahidə üçün ən uyğun vaxt 4 yanvar gecəsi yarımgecədən sübhədək olan saatlardır. Bu zaman meteor axınının çıxış nöqtəsi səmada daha yüksəkdə görünür. Kvadrantidlər əsasən şimal-şərq və şərq istiqamətində daha aydın seçilir.

Mütəxəssislər radienti xüsusi axtarmağı məsləhət görmürlər, çünki meteorlar səmanın müxtəlif hissələrində görünə bilər. Əsas məqsəd mümkün qədər qaranlıq və açıq bir məkan tapmaqdır. Şəhər işıqlarından uzaq ərazilər müşahidə üçün daha əlverişlidir. Ay işığını qismən örtən bina, təpə və ya ağac kölgəsi də kömək edə bilər.

Kvadrantidlərin mənbəyi kometa deyil, 2003 EH1 adlı asteroid hesab olunur. Bu xüsusiyyət onu Geminidlərlə yanaşı nadir meteor axınlarından birinə çevirir. Axının pik dövrü cəmi bir neçə saat davam edir, lakin bu müddətdə çox parlaq “od topları”nın görünməsi ehtimalı yüksəkdir.

Səmanı izləmək istəyənlərə tövsiyə olunur ki, gözlərin qaranlığa uyğunlaşması üçün ən azı 20–30 dəqiqə vaxt ayırsınlar və bu müddətdə telefon və digər parlaq ekranlardan istifadə etməsinlər. Beləliklə, dolunayın yaratdığı çətinliyə baxmayaraq, 2026-cı ilin ilk ulduz yağışından zövq almaq mümkündür.

AzPost.az

Seçilən
25
50
azpost.info

10Mənbələr