ain.az, Olke.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülhə nail olmaq istiqamətində göstərdiyi diplomatik səylərə baxmayaraq, regionda böhran hələ də nəzarət altına alına bilmir. Nisbi sakitlik görüntüsü aldadıcıdır və proseslərin gedişi bölgənin hər an yeni, daha genişmiqyaslı qarşıdurmalara sürüklənə biləcəyini göstərir.
İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-a son səfəri, ardınca İsrail-Livan xəttində Hizbullahın yenidən hədəfə alınması və təşkilat rəhbərliyinin İsrailə sərt cavabları gərginliyin artdığını açıq şəkildə nümayiş etdirdi. Paralel olaraq Suriyada vəziyyət daha mürəkkəb fazaya keçir. Bölgədə maraqlı olan güclər Suriya kartını yenidən aktivləşdirərək xaosu dərinləşdirməyə çalışırlar.
Bu kontekstdə ABŞ mediasında yayılan məlumatlar xüsusi diqqət çəkir. “The New York Times” qəzetinin təhlilinə görə, devrilmiş Əsəd rejiminin bəzi yüksək rütbəli generalları sürgündə olsalar da, Suriyada silahlı üsyan planları üzərində işləyirlər. Məqsədin Suriya sahillərinə nəzarəti ələ keçirmək və yeni hökuməti sarsıtmaq olduğu bildirilir. İddialara görə, yüz minlərlə döyüşçünün və ciddi silah arsenalının toplanması planlaşdırılır. Bu isə Suriyada məzhəb qarşıdurmasının yenidən alovlanması riskini artırır.
Eyni vaxtda İsrail regionda hərbi və strateji mövqelərini möhkəmləndirməyə çalışır. İsrail-Yunanıstan-Kipr üçtərəfli hərbi əməkdaşlıq planları genişləndirilir, yeni birgə təlimlər və strateji dialoqlar razılaşdırılır. İsrailin çoxqatlı hava hücumundan müdafiə sistemlərini gücləndirməsi də bölgədə uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərir.
İsrailin bölgədəki əsas narahatlığı Türkiyə faktorudur. Çünki indiki şəraitdə İsrailin Yaxın Şərqdə əsas dominant ölkə rolu oynamasına qarşı çıxa biləcək yeganə güc Türkiyədir. Ankaranın son illərdə Yaxın Şərqdə mövqeyinin güclənərək ciddi aktora çevrilməsi, Təl-Əvivin bölgədəki oyunlarını əngəlləyən ən ciddi faktordur.
Ankara ilə Dəməşq arasında artan təmaslar, xüsusilə 10 mart razılaşması İsrail mediasında “təhlükəli dövrün başlanğıcı” kimi qiymətləndirilir. Türkiyənin Suriyanın şimal-şərqində PKK/YPG-nin təsirinin aradan qaldırılması və bu strukturların mərkəzi hakimiyyətə inteqrasiyası tələbi İsrail üçün strateji risk kimi görülür. İsrail tərəfi Türkiyənin Suriyada artan təsirini Ankaranın bölgədə yeni güc oxu formalaşdırmaq cəhdi kimi dəyərləndirir.
İsrailin digər ciddi narahatlığı isə Türkiyənin Suriyada radar və hava nəzarət sistemləri yerləşdirə biləcəyi ilə bağlıdır. İsrail mediasına görə, bu addım İsrail Hərbi Hava Qüvvələrinin Suriya hava məkanında və xüsusilə İrana qarşı əməliyyat azadlığını ciddi şəkildə məhdudlaşdıra bilər. Bu səbəbdən İsrail son dövrlərdə Suriyadakı bəzi hava bazalarını hədəfə alaraq “önləyici zərbələr” endirib.
Bütün bunların fonunda İsrailin PYD/YPG-nin də təmisl olduğu Suriya Demokratik Güclərindən (SDG) və Dürzi kartlarından istifadə edərək Suriyanın cənubunda bufer zonalar yaratmaq cəhdləri də gündəmdədir. Bu strategiya Suriyanın ərazi bütövlüyünü zəiflətmək və mərkəzi hakimiyyəti parçalamaq məqsədi daşıyır. Bu isə Türkiyənin milli təhlükəsizlik maraqları ilə birbaşa ziddiyyət təşkil edir.
Yaxın Şərqdə formalaşan mənzərə onu göstərir ki, diplomatik səylərə baxmayaraq, regionda sülh çox kövrəkdir. Suriya üzərində gedən geosiyasi mübarizə, İsrail-Türkiyə gərginliyi, proksi qüvvələrin aktivləşməsi və böyük güclərin rəqabəti böhran riskini daha da artırır. Proseslərin bu istiqamətdə davam etməsi təkcə regional deyil, qlobal təhlükəsizlik üçün də ciddi nəticələr doğura bilər. Yaxın Şərq yeni və daha mürəkkəb qarşıdurma mərhələsinin astanasındadır.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.