Bakı, 29 dekabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmlər Kitabxanasında Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun hazırladığı "Azərbaycanda coğrafiya elminin tarixi nailiyyətləri və müasir problemləri" kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani iştirakçıları kitabın mahiyyəti ilə tanış edib. O, 2022-ci ildə İnstitutun Elmi şurasının qərarı ilə kitabın hazırlanmasına başlandığını diqqətə çatdırıb.
Coğrafiya elmləri doktoru professor Rza Mahmudov kitabın dövrün tələbi ilə yarandığını diqqətə çatdırıb. Professor əsas məqsədin coğrafiya elminin keçdiyi yolu, onun bu günədək olan tarixi nailiyyətlərini, korifey alimlərin xidmətlərini, onların coğrafiya elminə verdiyi töhfələri işıqlandırmaq olduğunu, bugünkü nəslə çatdırmağın zəruriliyini diqqətə çatdırıb. Alim qeyd edib ki, bu gün dünya, eləcə də Azərbaycan coğrafiya elmi məsələlərinə qlobal iqlim dəyişmələri, onun regional təsirləri, su ehtiyatlarına təsiri və ümumiyyətlə qlobal iqlim dəyişmələrinin ətraf mühitə təsiri prizmasından yanaşmaq lazımdır. O bildirib ki, doktorant və dissertantlar öz elmi yaradıcılıqlarında, elmi tədqiqatlarda bu kitabdan yararlana, ona istinad edə biləcəklər.
Sonra coğrafiya elmləri doktorları Nəriman Paşayev, Məhəmməd Abduyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun keçmiş baş direktoru AMEA-nın müxbir üzvü professor Əlövsət Quliyev, coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov, Solmaz Rzayeva, Cuma Məmmədov çıxış edərək kitabın dəyərindən, ensiklopedik əhəmiyyətindən, onun gənc coğrafiyaçı-alim və tədqiqatçılar üçün böyük bir istinad bazası rolunu oynayacağından söhbət açıblar.