Naxçıvanda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin 5-ci ildönümünə həsr olunmuş voleybol üzrə "Zəfər Kuboku" turniri başa çatıb.
"Far.Az"un yerli bürosunun məlumatına görə, dekabrın 28-də yarışın final görüşü keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan həlledici qarşılaşmada Fövqəladə Hallar Nazirliyi (FHN) və Mədəniyyət Nazirliyinin komandaları qarşılaşıb. Oyun 3:2 hesabı ilə FHN-in kollektivinin qələbəsi ilə yekunlaşıb.
Mükafatlandırma mərasimində öncə turnirin hakimləri təşəkkürnamə ilə təltif olunublar. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, medal və kuboklar təqdim edilib. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov təqdim edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialının birgə təşkil etdiyi turnir noyabrda start götürmüşdü. Yarışda 10 komanda iştirak edib.