AZ

Ölkədə tibb işçilərinin sayı azalır Professordan həkimlərlə bağlı TƏKLİF

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Ölkədə tibb işçilərinin sayının azalması tendensiyası müşahidə olunur. Bu vəziyyətin bir neçə əsas səbəbi var. Hər il Tibb Universitetini minə yaxın tələbə bitirsə də, buna baxmayaraq həkim kadrlarının çatışmazlığı problemi davam edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla tibb işçilərinin sayının azalmasından danışarkən bildirdi.

"İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan səhiyyəsi mərhələli şəkildə Qərb təbabətinin standartlarına keçid edir. Rezidentura sistemi yaradılıb, lakin bu sistem çərçivəsində tələbələrin praktiki hazırlığı üçün yetərli xəstə bazası mövcud deyil. Rezidentura təhsilinin keyfiyyətli təşkili üçün geniş və davamlı xəstə axını vacibdir. Tibb Universitetinin klinikalarında isə bu baxımdan ciddi çatışmazlıqlar var. Təəssüf ki, icbari tibbi sığorta sistemi həmin klinikalarla tam şəkildə işləmədiyi üçün rezidentura prosesində xeyli çətinliklər yaranır", - deyə o qeyd etdi.

Müsahibimizin sözlərinə görə, ali təhsilini başa vurub diplom alan gənc həkimlərin əhəmiyyətli hissəsi Türkiyəyə, Almaniyaya və Avropanın digər ölkələrinə üz tutur:

"Onların çoxu təhsil aldıqdan və ya müəyyən müddət çalışdıqdan sonra həmin ölkələrdə mövcud iş və sosial şəraitə uyğunlaşaraq orada qalır. Beləliklə, ölkə faktiki olaraq özünün yetişdirdiyi kadrları itirir. Bundan əlavə, gənc həkimlərin bir qismi də daha yaxşı əməkhaqqı və iş şəraiti axtarışı ilə yenidən Avropa ölkələrinə və Türkiyəyə üz tutur. Bu proses həkim sayının azalması tendensiyasını daha da sürətləndirir. Bu, şübhəsiz ki, son dərəcə ciddi və strateji bir problemdir. Hesab edirəm ki, xüsusilə regionlarda həkimlərin iş şəraiti yaxşılaşdırılmalı, onlara əlavə stimullaşdırıcı tədbirlər tətbiq edilməli və bölgələrdə çalışmağa marağı artıran mexanizmlər formalaşdırılmalıdır. Məqsəd səhiyyə sisteminin regionlarda da güclənməsi və davamlı, sistemli xarakter almasıdır. Lakin hazırkı vəziyyət göstərir ki, hələlik bu istiqamətdə ciddi dəyişiklik baş verməyib və mövcud durum davam edir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
50
redaktor.az

10Mənbələr