AZ

Müasir dövlət quruculuğunda lider faktoru...


Hər bir xalqın və dövlətin tarixində dönüş nöqtəsi olan, gələcək onillikləri, hətta əsrləri müəyyənləşdirən taleyüklü hadisələr yaşanır. Bu hadisələr təkcə siyasi xəritələri deyil, həm də milli şüuru, xalqın özünəinamını və gələcəyə baxışını kökündən dəyişir. Azərbaycan üçün XXI əsrin ilk rübü məhz belə bir tarixi zəfərlər və strateji uğurlar dövrü olub.

Bu zəfərlərin məntiqi zirvəsi kimi cari ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil Azərbaycan dövlətçiliyinin iki fundamental sütununun – onun hüquqi əsası olan Konstitusiyanın və əməli təminatı olan tam dövlət suverenliyinin sarsılmaz vəhdətini təcəssüm etdirir. Bu, sadəcə, rəmzi bir addım deyil, otuzillik bir mübarizənin, quruculuğun və Zəfərin hüquqi-siyasi təsdiqidir.

Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla addımlayır

Müasir Azərbaycan dövlətinin uğurlu inkişafında, əldə olunan tarixi nailiyyətlər və beynəlxalq arenada ölkəmizin artan nüfuzunda, Prezident İlham Əliyevin rolu müstəsnadır. Təbii ki, onun liderliyinin ən parlaq təzahürü Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər və antiterror tədbirləri nəticəsinə ölkəmizin konstitusion quruluşunun bütün ərazilərdə təmin edilməsi dövlətçiliyimiz tarixinə qızıl hərflərlə yazıldı. Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. Bütün bunlar dövlət quruculuğunda lider faktorunun nə qədər böyük önəmə malik olduğunu sübut edir.

Doğru liderlik dövlətin taleyini dəyişə, tarixi axarı milli çıxarların lehinə çevirə bilir

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, dövlət quruculuğunda lider faktoru, bu faktoru doğuran tarixi məsuliyyət və milli iradədən danışarkən ilk növbədə nələrə diqqət etməliyik?: “Əlbəttə, həmin o məsuliyyət və iradənin sintezinə. Çünki dövlətlər yalnız coğrafiya, sərhəd və institutlarla mövcud olmur. Dövlət əsl dövlətdirsə, o – eyni zamanda iradədir, məsuliyyətdir, ədalətin tənətənəsidir, tarixi zamanla dialoq bacarığıdır. Əcdadımız bu sıralamada ilahi qaynağı, Tanrının dövlətqurma, dövlət idatəetmə yetkisini də önplanda tuturdu. Müasir dünyada hər bir dövlətin taleyində elə məqamlar olur, həmin mərhələlərdə lider faktoru sadəcə idarəçilik mexanizmi kimi çıxış etmir, eyni zamanda, millətin taleyinə yön verən əsas qüvvəyə çevrilir. Azərbaycan dövlətinin keçdiyi yol bu baxımdan ayrıca bir model, ayrıca bir dərs sayılmağı haqq edir. Respublikamızın müstəqilliyinin ilk illərində qarşılaşdığımız xaos, parçalanma və təhlükə riskləri dövlətçilik ideyasının nə qədər həssas və kövrək olduğunu göstərdi. Bunu səhih xatırlayırıq; lakin zaman sübut etdi ki, doğru liderlik dövlətin taleyini dəyişə, tarixi axarı milli çıxarların lehinə çevirə bilir. Bu gün artıq qətiyyətlə demək mümkündür ki, müasir Azərbaycan dövlətinin uğurlu inkişafında, əldə olunan tarixi uğurlarda və beynəlxalq nüfuzun artmasında İlham Əliyevin - beynəlxalq səviyyədə nüfuz sahibi olan Prezident və Müzəffər Ali Baş Komandanın rolu müstəsnadır. Onun liderliyi, necə deyərlər, klassik avtoritet anlayışı ilə məhdudlaşmır; İlham Əliyevə xas liderlik strateji düşüncə, mərhələli hədəflər və zamanın ruhunu düzgün oxumaq bacarığı üzərində qurulub. Onun nəyi, nə vaxt, harada və necə etmək gərək olduğunu zərgər dəqiqliyi ilə bildiyi – artıq dəfələrlə sübut olunub. Ən önəmlisi isə – bu liderlik milli iradəni dövlət siyasətinə çevirə bilib. Cəmiyyətin gözləntisi ilə dövlətin məqsədləri arasında yaranan bu unikal birlik Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsas izahı sayıla bilər”.

Ə.Qoşalı hesab edir ki, lider faktorunun ən parlaq və taleyüklü təcəlləsi şübhəsiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfərin təkcə hərbi qələbə olmadığı Gün kimi apaydındır: “Bəli, bu, uzun illər formalaşdırılan siyasi xəttin, diplomatik təmkinin, iqtisadi gücün və milli ruhun sintezinin, dövlət-xalq birliyinin parlaq nəticəsi idi. Zəfərdən iki il keçməmiş həyata keçirilən və bir sutkadan da qısa sürən antiterror tədbirləri isə Azərbaycanın konstitusion quruluşunun bütün ərazilərdə təmin olunması ilə dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə bir mərhələ ki, öz başlanğıcını aldığı tarix və hadisə öncəki – yadellilər və işğalla bağlı iki yüz illik qaramat dönəmi də qapatmış oldu!

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, lider faktoru yalnız müharibə dövründə özünü göstərmədi; budur, liderimizi, onun ləyaqətli liderliyini ədalətli sülh və quruculuq mərhələsində də görür, qürur duyuruq. Zəfərdən sonra başlayan bərpa və reinteqrasiya prosesi, “Böyük Qayıdış” strategiyası, bölgənin sosial-iqtisadi və mədəni dirçəlişi dövlət ağlının davamlılığını ortaya qoyur. Bu, rasional dövlətçilikdir; planlarla işləyən idarəçilik modelidir. Bu gün Azərbaycan artıq savaşsonrası ölkəsi olmaqdan daha üstün, Zəfərsonrası mərhələsinə uğurla qədəm qoymuş dövlətdir. Yeni gerçəkliklər mühitində qarşıda duran strateji vəzifələr müstəqilliyi qorumaqla yetinmir – onu dərinləşdirmək, möhkəmləndirmək və gələcək nəsillər üçün təhlükəsiz inkişaf trayektoriyası yaratmaq məqsədi daşıyır. Davamlı və dayanıqlı inkişaf anlayışı burada yalnız iqtisadi göstəricilərlə süslənmir, üstəkik, siyasi sabitlik, hüquqi sistemin işləkliyi və milli kimliyin qorunması ilə ölçülür.

Bəli, liderlik bəzən tarixə nominal cavab verməkdən ötə – tarixi qabaqlamaq məsuliyyəti, zehni və zəhmətidir. Məhz bu məsuliyyəti üzərinə götürən liderlər dövlətlərini zamanın sınağından qalib çıxara bilir. Azərbaycan örnəyi göstərir ki, güclü liderlik dövlətin təkcə sabahını da təmin edir. Bu gün Azərbaycan xalqının öz gələcəyinə inamı təsadüfi deyil. Bu inam arxasında ardıcıl siyasət, sınanmış liderlik, dövlətçilik fəlsəfəsi və xəlqi cəsarət dayanır. Dövlət quruculuğunda lider faktoru məhz bu nöqtədə öz tarixi missiyasını tamamlamır, əksinə, yeni mərhələnin əsas təminatçısına çevrilir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
9
50
baki-xeber.com

10Mənbələr