AZ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində mediatur olub.

Hafta.az xəbər verir ki, media nümayəndələri müəssisədə həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq imkanlarını genişləndirmək üçün yaradılan şəraitlə tanış olublar.

Mərkəzin direktoru Elnarə Ənsari mediatur iştirakçılarını Mərkəzin fəaliyyəti, həyata keçirilən inklüziv layihələr və yaradıcı istiqamətlər üzrə görülən işlər barədə məlumatlandırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ildə açılışı olan Mərkəzdə bu vaxtadək 900 nəfərdən çox vətəndaş xidmətlərdən yararlanıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Mərkəzdə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləri, əlilliyi olan şəxslərə təlimlərlə yanaşı, sosial-pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri göstərilir. 

Hazırda Mərkəz, onun İsmayıllı “DOST Evi” filialı və Qarabağ “DOST Evi” şöbəsində 5 həssas kateqoriyadan 281 nəfər 14 yaradıcılıq istiqaməti üzrə bacarıqlarını inkişaf etdirir. Cari il ərzində həssas kateqoriyalardan olan 261 yeni benefisiar Mərkəz və filiallarına qəbul olunub. Həmçinin, Mərkəz və filiallarında inklüziv cəmiyyətin inkişafına, həssas qruplardan olan şəxslərin sosial adaptasiyasına töhfə məqsədilə 150-dən artıq tədbir təşkil olunub. 

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bu il Yaponiyada keçirilən “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində uğurla təmsil olunub.

Məzun benefisiarlar respublikanın ali təhsil ocaqlarında, o cümlədən Qarabağ Universitetində təhsillərini davam etdirirlər. Mərkəzin iki üzvü Prezident Mükafatına layiq görülüb. 10 nəfərdən çox benefisiar Mərkəz və filiallarda təlimçi kimi fəaliyyətə cəlb olunub.

Media nümayəndələrinə Mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat verilib. Bildirilib ki, portal vasitəsilə Mərkəzin benefisiarları olan həssas qruplara aid şəxslərin və təlimçilərin  hazırladıqları əl işləri daha geniş auditoriyaya təqdim ediləcək.

Layihə üzərində işlər tam yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyi vurğulanıb.

Media nümayəndələri yaradıcılıq studiyalarında təlim prosesi ilə tanış olub, yaradıcılıq məhsullarına baxıblar.  Mərkəzin fəaliyyəti ilə bağlı suallar cavablandırılıb.

Seçilən
9
40
hafta.az

10Mənbələr