AZ

Ukrayna Putinin Novqoroddakı iqamətgahına dronlarla hücum edib - Rusiya

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Rusiya Ukraynanın Prezident Vladimir Putinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərdiyini bildirib. Moskva bu iddialar fonunda Ukrayna ilə aparılan mümkün sülh danışıqlarındakı mövqeyinə yenidən baxılacağını açıqlayıb.

TurkicWorld-un məlumatına görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi verdiyi açıqlamada bildirib ki, dekabrın 28–29-da Ukrayna tərəfindən Novqorod bölgəsində yerləşən Rusiya prezidentinin dövlət iqamətgahına 91 ədəd uzaqmənzilli pilotsuz uçuş aparatı ilə hücum edilib. Onun sözlərinə görə, pilotsuz aparatların hamısı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Lavrov hücumu “dövlət terrorizmi” kimi qiymətləndirərək, “bu cür məsuliyyətsiz addımlar cavabsız qalmayacaq” deyib. O əlavə edib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən mümkün cavab zərbələri üçün hədəflər artıq müəyyən edilib.

Nazirin sözlərinə görə, insident Ukrayna böhranının nizamlanması ilə bağlı mümkün danışıqların müzakirə olunduğu bir dövrdə baş verib. Lavrov vurğulayıb ki, Rusiya danışıqlardan imtina etməsə də, Moskvanın mövcud danışıqlar mövqeyi bu hadisə nəzərə alınmaqla yenidən qiymətləndiriləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın ittihamlarını təkzib edib. O bildirib ki, bu iddialar həqiqəti əks etdirmir və Moskva Kiyevdəki hökumət binalarına mümkün zərbələr üçün informasiya zəmini formalaşdırmağa çalışır.

Hadisə zamanı Rusiya Prezidenti Vladimir Putinin sözügedən iqamətgahda olub-olmadığına dair rəsmi məlumat açıqlanmayıb.

Seçilən
10
50
turkic.world

10Mənbələr