Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Latsio” komandasının baş məşqçisi Mauritsio Sarri ürək əməliyyatı keçirib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, 66 yaşlı Sarriyə qulaqcıqların fibrillyasiyası diaqnozu qoyulub. İtalyan mütəxəssisin əməliyyatı uğurlu alınıb. O, yaxın günlərdə komandadakı işini bərpa edəcək.
“Latsio” A Seriyasında növbəti oyununu 2026-cı ildə, yanvarın 4-də “Napoli”yə qarşı keçirəcək.
Xatırladaq ki, Mauritsio Sarri 2025-ci ilin iyun ayında yenidən “Latsio”ya qayıdıb. 66 yaşlı mütəxəssisin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Sarri 2021-ci ilin iyun ayından 2024-cü ilin martına kimi də “Latsio”ya rəhbərlik edib. O, həmin dövrdə bu komandanı 137 oyuna çıxarmış, 65 qələbə, 30 heç-heçə və 42 məğlubiyyət görmüşdü. Bu mövsüm isə o, paytaxt təmsilçisinin sükanı arxasında 17 oyuna 7 qələbə, 5 heç-heçə və 5 məğlubiyyət görüb.
“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.
