Lap qədim zamanlardan müasir dövrə qədər insanlar arasında elmdə sübutunu tapmayan, lakin əsrlərlə dildən-dilə, fikirdən fikirə keçən qəribə inanclar var.
"Qarşımdan qara pişik keçdi", "Tək səbr gəldi" və s. kimi fikirlər nəinki kimlərə zərər vurur, bəzən böyük fəsadlara belə yol aça bilir.
Far.Az xəbər verir ki, bu təkcə dini və ya mistik düşüncələrlə deyil, həm də psixologiya, sosiologiya və neyroelm baxımından ciddi şəkildə öyrənilib.
Dünyanın bir çox tanınmış alimləri batil inancların psixoloji, sosial və bioloji kökləri barədə maraqlı fikirlər irəli sürüblər.
Amerikalı davranış psixoloqu Skinner B.F. batil inancların yaranmasını şərtli reflekslərlə izah edib. Onun məşhur "batil göyərçinlər" təcrübəsində quşlar yem verilərkən təsadüfi hərəkətlər edirdilər və bunu yemlə əlaqələndirirdilər.
Skinner yazırdı:İnsanlar da göyərçinlər kimi təsadüfi hadisələr arasında əlaqə quraraq, sanki "uğur gətirən" davranışlar formalaşdırırlar".
Avstriyalı psixoanalitik Siqmund Freydə batil inancların kökü qorxu və nəzarətsizlik hissinə dayanır. İnsan beynində təhlükə və qeyri-müəyyənliklə mübarizə aparmaq üçün "məntiqi izah" tapmaq istəyi yaranır
Freyd qeyd edirdi: "Batil inanclar, nəzarətdən çıxmış həyatda insanın özünü qorumaq cəhdidir – bu, rasional düşüncənin yerinə gələn simvolik davranışdır.
Başqa sözlə, insanlar təsadüfi hadisələrə mənəvi və ya fövqəltəbii mənalar yükləməklə daxili gərginliklərini azaldırlar.
Azərbaycanlı mütəxəssislər bu barədə nə düşünür?
Psixoloq Əbdül Səlimli Far.Az-ə açıqlamasında bildirib ki, bu cür düşüncələr el arasında batil inanclar adlanır.
"Hadisə ilə nəticə arasında real səbəb-nəticə əlaqəsi yoxdur, amma insan beyni bu əlaqəni özü qurur. Beyinin nəzarət hissinə ehtiyacı var. Gözlənilməz və ya qorxu yaradan vəziyyətlərdə beyin "izah" axtarır.
Qara pişik, tək səbr, 13 rəqəmi kimi simvollar da bu ehtiyacı təmin etmək üçün yaranır. Əgər insan əvvəlcədən "pis bir şey olacaq" deyə düşünürsə, sonradan baş verən hər hansı adi hadisəni həmin inancla əlaqələndirir. Bu isə özünü doğruldan proqnoz mexanizmidir.
İnsanın batil inancların olmasına səsəb uşaqlıqdan eşidilən inancların şüuraltına yerləşməsi, pis hadisələri xatırlayıb yaxşıları unutmaq və daimi narahatlıq hissidir.
Qısaca, qara pişiyin keçməsi insanın taleyini dəyişmir, amma insanın ona yüklədiyi məna davranışını və əhvalını dəyişə bilər", - deyə mütəxəssis bildirib.
Ziya SƏCCAD