Rusiya prezidenti Vladimir Putin özü, dövlət qulluqçuları və deputatlar üçün gəlir və əmlak barədə illik bəyannamə təqdim etmək öhdəliyini ləğv edən qanunları imzalayıb.
Xəbər verilir ki, müvafiq sənədlər 28 dekabr tarixində qüvvəyə minib və cəmi iki yarım həftə ərzində qəbul edilib.
Qanuna edilən dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən gəlir və əmlak bəyannamələri yalnız müəyyən hallarda tələb olunacaq. Bunlara dövlət qulluğuna ilk dəfə qəbul, yeni vəzifəyə təyinat, başqa dövlət orqanına keçirilmə və federal kadr ehtiyatına daxil edilmə daxildir. Bundan əlavə, ailənin üç illik gəlirini aşan məbləğdə iri maliyyə əməliyyatları aparıldıqda — məsələn, mənzil, səhmlər və ya kriptovalyuta alındıqda — hesabat təqdim olunmalıdır. Seçkilərdə iştirak etmək istəyən məmurlar və vəzifəli şəxslər də gəlirləri barədə məlumat verməli olacaqlar.
Eyni zamanda, Putin gəlir bəyannamələrinin internetdə dərc olunması tələbinin də ləğvini təsdiqləyib. Bu norma 2022-ci ildə müvəqqəti olaraq aradan qaldırılmışdı və Ukrayna ilə müharibə dövrü ilə məhdudlaşdırıldığı bildirilirdi.
Dəyişikliklərin müəlliflərindən biri, Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Vasili Piskaryov illik bəyannamə sistemini “arxaik mexanizm” adlandıraraq, onun ləğvinin korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artıracağını iddia edib. Hakim partiyanın digər üzvü Dmitri Vyatkin isə məmurların gəlirləri barədə hesabat verməyə məcbur edilməsini “ictimaiyyət üçün nümayiş” (orijinal mətndə kobud ifadə var.-red.) kimi qiymətləndirib.
Qanunvericiliyə edilən bu dəyişikliklər dövlət vəzifəli şəxslərinin maliyyə şəffaflığı ilə bağlı mexanizmlərin əhəmiyyətli dərəcədə zəiflədilməsi kimi dəyərləndirilir.