Mingəçevir, 29 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir şəhərində “Heydər Əliyev - Azərbaycanda Həmrəylik Gününü yaradan tarixi şəxsiyyətdir” mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Ümummilli Liderin və şəhidlərimizin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı videoçarx nümayiş olunub. Çıxışlarda bildirilib ki, 31 dekabr Azərbaycan xalqının milli yaddaşında və siyasi tarixində xüsusi yer tutan, ideoloji, mənəvi və strateji əhəmiyyət daşıyan bir gündür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji-siyasi əsasları bilavasitə Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası ilə bağlıdır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, ölkəmizə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Azərbaycanlılar illərdir ki, bu günü böyük bir fəxr və qürurla qeyd edirlər.