AZ

Vaşinqtonun Cənubi Qafqaz siyasətində düzəlişlər

“907-ci maddə”nin ləğvi nələrə meydan açır?

Yazımıza qısa xatırlatma ilə başlayaq: ABŞ–Azərbaycan ikitərəfli əlaqələrində yeni dövr məhz Trampın ikinci dəfə prezident seçilməsindən sonra başlandı. Sevindirici haldır ki, sözügedən müsbət irəliləyişin nəticəsi gün keçdikcə daha çox hiss olunur. Bu günlərdə ABŞ Konqresinin rəsmi saytında Azərbaycana göstərilən yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsinin yerləşdirilməsi Vaşinqton–Bakı münasibətlərində uzun müddət mövcud olan hüquqi və siyasi uyğunsuzluğun aradan qaldırıldığını təsdiqləyir.

Qanun layihəsinin mətninə nəzər yetirsək, görərik ki, ABŞ-ın Azərbaycanla bağlı yanaşmasında dəyişən prioritetlər və postmünaqişə reallıqlarına uyğunlaşma ehtiyacı açıq şəkildə özünü büruzə verir. Sənəddə Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan etibarən ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq kimi təqdim olunması münasibətlərin yeni fazaya keçdiyini göstərir. Əslində, bununla ABŞ siyasi sistemində uzun illər qeyri-rəsmi şəkildə qəbul edilən, lakin hüquqi sənədlərdə açıq şəkildə ifadə olunmayan mövqe rəsmən təsdiqlənir. Xüsusilə təhlükəsizlik, logistika və regional tranzit sahələrində Azərbaycanın oynadığı rol ABŞ-ın qlobal və regional strategiyalarında praktik əhəmiyyət daşıyır. Sözügedən kontekstdə qanun layihəsi ABŞ–Azərbaycan münasibətlərini daha geniş təhlükəsizlik arxitekturasının elementi kimi təqdim edir.

Postmünaqişə reallıqlarının tanınması

Qanun layihəsində Azərbaycanın Cənubi Qafqazda sülhün prioritet olduğunu nümayiş etdirməsinə dair müddəa regionla bağlı Ağ Evin baxışının dəyişdiyini göstərir. Əvvəlki mərhələlərdə Vaşinqtonun yanaşması əsasən münaqişələrin idarə olunması və balansın qorunması üzərində qurulurdusa, hazırkı sənəd artıq postmünaqişə dövrünün hüquqi və siyasi çərçivəsinin tanındığını ortaya qoyur. Azərbaycan və Ermənistan arasında sərhədlərin, ərazi bütövlüyünün sülh sazişi əsasında təsbit olunmasına istinad edilməsi isə Konqresin regional reallığı fakt kimi qəbul etdiyini göstərən mühüm məqamdır. Bu yanaşma 1990-cı illərin əvvəllərində qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na bədnam düzəlişin mövcudluğu ilə açıq ziddiyyət təşkil edirdi. Bu düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşa yardım göstərməsini məhdudlaşdırmaqla, zamanla funksional xarakterini itirmiş hüquqi norma kimi qalmaqda idi. Qanun layihəsində 907-ci maddənin tam ləğvi və onunla bağlı bütün müddəaların qanun mətnindən çıxarılması təklifi də məhz uyğunsuzluğun institusional şəkildə aradan qaldırılmasına yönəlib.

Təşəbbüsün siyasi konteksti

Layihənin ABŞ Konqresinə Demokratlar Partiyasını təmsil edən Anna Paulina Luna tərəfindən təqdim edilməsi də diqqətəlayiqdir. Bu fakt Azərbaycanla bağlı mövqenin partiyalararası taktiki yanaşmadan kənara çıxaraq, daha praqmatik və uzunmüddətli maraqlar əsasında formalaşdığını göstərir. Layihənin təqdim olunduğu məqam ABŞ-ın qlobal prioritetlərini yenidən nəzərdən keçirdiyi mərhələyə təsadüf edir. Yeri gəlmişkən, 907-ci düzəlişin ləğvi Azərbaycan üçün, ilk növbədə, siyasi və hüquqi xarakter daşıyır. Addım ABŞ-ın ölkəmizlə münasibətlərdə normallaşmaya getdiyini və əməkdaşlığı müvəqqəti istisnalar əvəzinə, dayanıqlı hüquqi baza üzərində qurmaq niyyətində olduğunu göstərir.

Ermənistan üçün formalaşan yeni çərçivə

Qanun layihəsində sülh gündəliyinin xüsusi vurğulanması Ermənistan üçün də kifayət qədər aydın strateji mesaj daşıyır. ABŞ Konqresi bu yanaşma ilə regionda uzun illər tətbiq edilmiş qeyri-müəyyən və balanslaşdırıcı vasitəçilik modelindən tədricən uzaqlaşdığını nümayiş etdirir. Əvvəlki mərhələlərdə, xüsusilə Bayden administrasiyası dövründə Vaşinqtonun əsas hədəfi tərəflər arasında prosesin saxlanılması idisə, hazırkı mətn artıq nəticənin, yəni hüquqi cəhətdən təsbit olunmuş sülhün prioritet kimi qəbul edildiyini göstərir. Bu, Ermənistan üçün mövcud siyasi manevr imkanlarının daraldığını və beynəlxalq aktorların münaqişədən sonrakı status-kvonu dəyişdirmək niyyətində olmadığını ifadə edən mühüm siqnaldır. Bir məqamı da qeyd edək ki, ABŞ Konqresinin sülh sazişi, sərhədlərin tanınması və ərazi bütövlüyü kimi anlayışları eyni siyasi kontekstdə təqdim etməsi təsadüfi deyil. Bu yanaşma vasitəçiliyin beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurulacağını göstərir. Beləliklə, ABŞ faktiki olaraq bildirir ki, regional sabitlik hüquqi öhdəliklərin icrası və qarşılıqlı tanınma əsasında mümkündür. Vaşinqtonun mövqeyi Ermənistanın xarici siyasətində uzun müddət mövcud olmuş “statusun uzadılması” strategiyasının beynəlxalq dəstək baxımından zəiflədiyini göstərir.

Qərb diskursunda Azərbaycan

Qeyd etdiyimiz kimi, Azərbaycan Vaşinqtonda və ümumilikdə Qərb siyasi diskursunda çox vaxt birtərəfli və mənfi kontekstdə təqdim olunurdu. Bu yanaşma regiondakı real vəziyyətdən daha çox lobbi təsirlərinin məhsulu kimi formalaşmışdı. Bu reallıq ABŞ-da yerləşən Global Policy Institute-un prezidenti Paolo Von Schirah tərəfindən də açıq şəkildə etiraf olunur. O, yerli mediaya açıqlamasında uzun illər Vaşinqtonda Azərbaycana qarşı dominant qərəzin mövcud olduğunu vurğulayaraq bildirib ki, xüsusilə Qarabağ münaqişəsinin təqdimatı ABŞ siyasi mühitində balanslı olmayıb. Onun fikrincə, bu qərəzli yanaşma Azərbaycan-ABŞ münasibətlərinin real potensialını uzun müddət kölgədə saxlayıb. Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç da yerli mediaya müsahibəsində bildirib ki, ABŞ Konqresi tərəfindən 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş və Azərbaycanı hədəf alan 907-ci düzəliş mövcud regional reallıqlar fonunda tamamilə məntiqsiz görünür. Kılıçın fikrincə, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində dialoqun getdiyi bir şəraitdə bu cür məhdudiyyətlərin saxlanılması nə siyasi, nə də hüquqi baxımdan əsaslandırıla bilər.

Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı

ABŞ Konqresinin rəsmi saytında “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanun layihəsinin mətninin yerləşdirilməsi sıradan bir hüquqi prosedur kimi dəyərləndirilməməlidir. Sənəd uzun illər Azərbaycana qarşı tətbiq edilən ədalətsiz və selektiv yanaşmanın, faktiki olaraq isə erməni lobbiçiliyinin məhsulu olan bir maddənin öz dövrünü uğursuzluqla başa vurduğunu nümayiş etdirir. 907-ci maddə qəbul edildiyi gündən işğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirən, daha doğrusu, işğal faktını görməzdən gələn siyasi mexanizm funksiyasını yerinə yetirirdi. Beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına zidd olan bu maddə, əslində, Vaşinqtonun Cənubi Qafqaz siyasətində uzun müddət davam edən ikili standartların və uğursuzluqların simvoluna çevrilmişdi. Məlum olduğu kimi, Azərbaycan ABŞ və NATO üçün kritik əhəmiyyət daşıyan enerji təhlükəsizliyi layihələrinin əsas sütunu olub, Əfqanıstanda beynəlxalq missiyalara töhfə verib, antiterror koalisiyasında etibarlı tərəfdaş kimi çıxış edib. Bütün bunların fonunda Azərbaycana qarşı diskriminativ hüquqi məhdudiyyətlərin saxlanılması nə siyasi, nə də mənəvi baxımdan əsaslandırıla bilərdi.

44 günlük Vətən müharibəsindən sonra sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması, qarşılıqlı ərazi bütövlüyünün tanınması kimi prinsiplər rəsmi Bakının sülh gündəliyinin əsasını təşkil etdi. Qanun layihəsində “Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi” ifadəsinin yer alması xüsusilə diqqətəlayiqdir. Bu yanaşma uzun illər Ermənistanı “zərərçəkən”, Azərbaycanı isə “təzyiq göstərən tərəf” kimi təqdim edən narrativin çökməsinin rəsmi təsdiqidir.

Son dövrlər ABŞ-ın qlobal rəqabət şəraitində etibarlı regional tərəfdaşlara ehtiyacının artması fonunda Azərbaycan kimi praqmatik və real siyasət yürüdən dövlətin əhəmiyyəti daha aydın görünür. 907-ci maddənin ləğvi ilə bağlı qanun layihəsi qəbul edilərsə, bu, ABŞ–Azərbaycan münasibətlərində yeni səhifənin açılması ola bilər. Ancaq bu səhifənin necə yazılacağı Vaşinqtonun regionda həqiqətən balanslı, prinsipial və ardıcıl siyasət yürütmək iradəsindən asılı olacaq.

Nəzrin ELDARQIZI
XQ

Seçilən
36
1
xalqqazeti.az

2Mənbələr