Əfsanəvi uruqvaylı hücumçu Edinson Kavani futbolçu karyerasını başa vurduğunu rəsmən elan edib.
Milli.Az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, 38 yaşlı futbolçu peşəkar karyerası ərzində bir sıra tanınmış klubların formasını geyinib. Kavani Uruqvayda "Danubio", İtaliyada "Palermo" və "Napoli", Fransada PSJ, İngiltərədə "Mançester Yunayted", İspaniyada "Valensiya", Argentinada isə "Boka Xuniors" klubunda çıxış edib.
Təcrübəli futbolçu qərarını sosial şəbəkə hesabında paylaşdığı emosional açıqlama ilə ictimaiyyətə çatdırıb. Kavani futbola təşəkkür edərək bildirib ki, bu idman növü ona həm meydanda, həm də həyat yolunda mühüm dərslər verib, qeyri-mümkün görünən xəyallarına çatmaq imkanı yaradıb. O, ailəsinə, dostlarına, komanda yoldaşlarına, məşqçilərinə və azarkeşlərə xüsusi minnətdarlığını ifadə edib, müxtəlif ölkə və klublarda gördüyü sevginin həyatında unudulmaz iz buraxdığını vurğulayıb.
.jpg)
Kavani karyerasını hər məşqdə və hər oyunda maksimum gücünü ortaya qoyduğunu bilərək daxili rahatlıqla başa vurduğunu qeyd edib və futbolun ona qazandırdıqlarına hörmətlə yanaşdığını bildirib.
Qeyd edək ki, Edinson Kavani klub karyerası ərzində ümumilikdə 745 rəsmi oyuna çıxıb, 404 qol vurub və 79 məhsuldar ötürmə ilə yadda qalıb. O, Uruqvay millisinin heyətində isə 136 matçda iştirak edərək 58 dəfə rəqib qapılarını silkələyib.
Hüseyn
Milli.Az