AZCON Holding şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Xəzərdənkənar sularda istismar edilən “Qafur Məmmədov” quru yük gəmisi əsaslı təmir olunub.
ASCO-dan Herbiand.az-a bildirilib ki, İstanbulun Tuzla bölgəsində yerləşən Torlak tərsanəsində həyata keçirilən təmir çərçivəsində gəminin növbəti 5 illik istismarı üçün zəruri olan bütün işlər yerinə yetirilib.
Proses çərçivəsində gəminin baş mühərrikləri əsaslı təmir edilib, iki ədəd köməkçi dizel generatoru isə qənaətcil və gəminin faktiki elektrik enerjisi tələbatı nəzərə alınaraq yenisi ilə əvəzlənib.
Bununla yanaşı, gəmidə mövcud olan digər maşın və mexanizmlərdə tələb edilən təmir işləri yerinə yetirilib. Boru sistemlərində borular dəyişdirilib, hərəkətverici vint-sükan qurğusu sökülərək, zavod şəraitində təmir edildikdən sonra yenidən gəmiyə quraşdırılıb. Bundan başqa, gəminin məişət fekal sistemləri və çənləri yenilənib. MARPOL konvensiyasının VI Əlavəsinə uyğun olaraq gəminin yanacaq sisteminə müvafiq dəyişikliklər edilib.
Heyətin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeməkxana və kayutlarda təmir işləri aparılıb, məişət sistemləri və divar panelləri yeniləri ilə əvəz olunub.
Eyni zamanda, quru yük gəmisinin sualtı hissəsində təmir işləri icra edilib, tələb olunan hissələr dəyişdirilib, gövdə hissəsi təmizlənib və boyanıb. Gəminin yük anbarlarında da metal dəyişdirilməsi, eləcə də təmizləmə və boyama işləri görülüb.
Qeyd edək ki, “Qafur Məmmədov” gəmisi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metrdir.