Gürcüstan hökuməti Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında azad ticarət və anbarçılıq fəaliyyətinə yeni icazələr verib.
APA-nın yerli bürosu xəbər verir ki, icazələr yaşıl zonada yerləşən 162 və 156 kvadrat metrlik torpaq sahələrinə aiddir.
Bir sahədə Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada anbarın tikintisi, təchizatı və istismarı, digər sahədə isə azad ticarət məntəqələrinin fəaliyyəti və anbar əməliyyatlarının həyata keçirilməsi mümkün olacaq. Azərbaycanla sərhəddə gömrüksüz ticarət zonalarının (“duty free”) genişləndirilməsi də nəzərdə tutulur.
Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” sərhəd-keçid məntəqəsi yaxınlığındakı 211 və 124 kvadrat metrlik iki torpaq sahəsində də qeyd olunan iqtisadi fəaliyyətlər üçün eyni icazələr verilib.