AZ

Türkiyə-Azərbaycan ticarət dövriyyəsi 15 milyard dollara çata bilər - Zəngəzur dəhlizi yeni imkanlar açır

Bakı, 30 dekabr, AZƏRTAC

Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin, həmçinin idxal və ixrac əməliyyatlarının həcminin atırılmasında iş adamlarının və biznes qurumlarının böyük rolu var. Bu əlaqələr hər iki dövlətin iqtisadi inkişafına təkan verər və qlobal dünyada mövqelərini möhkəmləndirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kırıkkale Universitetinin professoru Merve Suna deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması mümkündür. Bunum üçün hər iki dövlətin böyük iqtisadi potensialı var. Türkiyənin böyük sənaye imkanları, Azərbaycanın isə karbohidrogen ehtiyatları əməkdaşlıq əlaqələrinin dayanıqlı və səmərəli olmasını təmin edən faktorlardır.

“Digər tərəfdən Azərbaycanın təklif etdiyi və ABŞ kimi qlobal gücün dəstəklədiyi Zəngəzur dəhlizi layihəsi idxal-ixrac əməliyyatlarının həcmini artırmaq üçün geniş imkanlar yaradır. İqtisadi inkişafa nail olunması üçün nəqliyyat əlaqələri mühüm rol oynayır, dəhliz təkcə Azərbaycan ilə Türkiyəni deyil, eyni zamanda, Avropa və Asiyanı birləşdirən bir layihədir” - deyən ekspert nəzərə çatdırıb ki, ABŞ-ın bu dəhlizə maraq göstərməsi regiona investisiya axınının təmin olunmasını şərtləndirir. Bu fürsətdən istifadə edən şirkətlər dəmir yolu kimi daha ucuz və daha çox daşıma imkanı olan nəqliyyat vasitəsindən istifadə edərək idxal və ixrac əməliyyatlarını həyata keçirə bilərlər. Dəhliz yeni şirkətlərin və xidmətlərin yaranmasına da şərait yaradacaq ki, bu da iqtisadi dövriyyənin artmasına səbəb olacaq.

Ekspert qeyd edibki, sərmayə yatırımı yeni istehsal müəssisələrinin yaranmasına və ixrac potensialının artmasına gətirib çıxaracaq. Türkiyənin sənaye, kənd təsərrüfatı sahələrində böyük ixrac imkanları var. Azərbaycan isə iqtisadi diversifikasiya keçirərək qeyri-neft sektorunu inkişaf etdirib ixrac imkanlarını artıra bilər.

“Bu gün Azərbaycan Qarabağı azad etməklə daha çox iqtisadi üstünlüklər qazanıb. Bu regionda birgə müəssisələr, biznes strukturları qurub rəqabətədavamlı məhsul istehsal edərək ticarət dövriyyəsini artırmaq mümkündür” - deyən professor nəzərə çatdırıb ki, iqtisadi əlaqələrin inkişafı hər iki dövlətə siyasi üstünlüklər də qazandırır.

Seçilən
49
1
azertag.az

2Mənbələr