Bakıda Böyük Britaniyada akademik və elmi fəaliyyət göstərən iki tanınmış azərbaycanlı alim – Aygün Azadova və Fərid Ədilov ilə görüş keçirilib.
Doğru.az xəbər verir ki, ilin sonuna təsadüf edən bu görüş qarşıdakı dövr üçün planların yenidən nəzərdən keçirilməsi, daha dərin və hədəfli perspektivlərin formalaşdırılması baxımından əhəmiyyətli olub. Görüş zamanı elmin, təhsilin və dövlət siyasətinin qarşılıqlı şəkildə bir-birini tamamladığı sahələrdə yeni yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Aygün Azadova Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetində doktorantura təhsilini uğurla başa vurub və süd vəzi xərçəngi ilə bağlı elmi tədqiqatını yüksək səviyyədə müdafiə edib. O, iki il ərzində həmin universitetdə müəllim və fənn rəhbəri kimi Biologiya ixtisasını tədris edib. Tələbələrlə apardığı uğurlu və nəticəyönümlü fəaliyyətinə görə 2024-cü ildə “Təhsildə Mükəmməllik” mükafatı ilə təltif olunub. Bu nailiyyət azərbaycanlı alimlərin beynəlxalq akademik mühitdə qazandığı etimadın bariz nümunəsi kimi qiymətləndirilib.
Fərid Ədilov isə uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, o cümlədən Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri kimi çalışaraq dövlət siyasətinin formalaşdırılması və icrası sahəsində geniş praktiki təcrübə əldə edib. Hazırda o, Essex Universitetinin Sosiologiya və Kriminologiya Departamentində doktorantura təhsili alır və müəllim kimi fəaliyyət göstərir. Onun tədqiqatı Azərbaycanın keys araşdırması əsasında qadınların milli qanunvericilik orqanlarında təmsilçiliyinin qərar qəbuletməyə təsirini araşdırır. Bildirilib ki, bu tədqiqatın nəticələrinin növbəti ildə Oxford Universitetində təqdim olunması planlaşdırılır ki, bu da ölkəmizdə həyata keçirilən siyasətin beynəlxalq elmi platformalarda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı Aygün Azadova və Fərid Ədilovun 15-16 dekabr 2025-ci il tarixlərində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsində akademik heyət və tələbələr üçün yüksək səviyyəli təlimlər keçdiyi də xatırladılıb. Akademik heyət üçün təşkil olunan “Ali təhsildə tədris və öyrənmə” mövzusunda təlimdə Birləşmiş Krallığın ali təhsil təcrübəsi, QAA yanaşmaları və Professional Standards Framework 2023 çərçivəsində müasir tədris və qiymətləndirmə meyarları müzakirə olunub. Tələbələr üçün keçirilən “Akademik oxu və yazı” təlimi isə onların beynəlxalq akademik standartlara uyğun bacarıqlarının inkişafına töhfə verib.
Vurğulanıb ki, ölkə Prezidenti Qarabağ Universitetinin yeni korpusunun açılışında xaricdə təhsil alaraq universitetin elmi və tədris potensialına töhfə verən müəllimləri xüsusi olaraq qeyd edib. Bu yanaşma dövlətin insan kapitalına investisiyanı və beynəlxalq təcrübənin ölkəyə transferini strateji prioritet hesab etdiyini bir daha nümayiş etdirir.
Görüş zamanı həmçinin Aygün Azadova və Fərid Ədilovun fəaliyyət göstərdikləri universitetlərlə Azərbaycan ali təhsil müəssisələri arasında institusional əməkdaşlığın, birgə tədqiqatların və akademik mübadilələrin qurulmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, onlar bu sahədə etibarlı körpü rolunu oynaya bilərlər.
Sonda alimlərin elmi fəaliyyətləri, şəxsi və ictimai nailiyyətləri yüksək qiymətləndirilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
DOĞRU.AZ