Təqvimdən qopan sonunci vərəqlər 2025-ci ili tarixə qovuşdurur. Hər dəfə il başa çatanda istər-istəməz ötən ilin uğurları, il ərzində görülən işlər, həyata keçən layihələr, yadda qalan hadisələr, xoş anlar yada düşür, üzümüzə gələn illə bağlı planlar götür-qoy edilir. Başa çatmaqda olan ilin son günlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi-Baş həkim, tibb xidməti polkovniki, tibb elmləri doktoru Bəxtiyar Musayevlə söhbət də bu məqsədə xidmət edir.
- 2025-ci il Sizin üçün, rəhbərlik etdiyiniz Mərkəzi Gömrük Hospitalının həyatında hansı əlamətdar hadisələrlə yadda qaldı?
- Şübhəsiz ki, bu il təkcə Mərkəzi Gömrük Hospotalı deyil, ümumiyyətlə, respublikamız üçün uğurlu il oldu. İlk növbədə Azərbaycan tarixinə “Konstitusiya və Suverenlik İli” kimi düşdü. İlin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli addım oldu. Bu il həm də müstəqil və müasir Azərbaycanın tarixinə unudulmaz hadisə kimi daxil olan Zəfər bayramının 5 illiyini qeyd etdik. Düz 5 il əvvəl Azərbaycan xalqının yazdığı Zəfər dastanı yaddaşlarda hünər, qeyrət, igidlik və ədalət nümunəsi kimi qaldı.
Ölkəmizin əldə etdiyi ən mühüm siyasi və diplomatik uğurlardan biri də 2025-ci ilin Vaşinqton razılaşması oldu. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sülh gündəliyinin formalaşmasına təkan verdi.
Hazırda işğaldan azad olan ərazilərdə böyük layihələrin həyata keçirilməsi ilə yenidənqurma və bərpa işləri geniş vüsət alıb. Qarabağa “Böyük Qayıdış” davam edir, köç karvanları işğaldan azad edilmiş torpaqlarımıza üz tutur, sakinlər uzun illər həsrətində olduqları doğma yurdlarına dönürlər.
Cəsarətlə deyə bilərəm ki, 2025-ci il Mərkəzi Gömrük Hospitalı üçün də uğurlu oldu. 2008-ci ildə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Mərkəzi Gömrük Hospitalı dekabrın 25-də 17 illiyini qeyd etdi. Bu il hospital çox gərgin iş rejimi ilə seçildi. İldən-ilə uğurlu addımlar atan Mərkəzi Gömrük Hospitalı davamlı inkişaf yolu keçərək, maddi-texniki bazasını və kadr potensialını gücləndirərək ölkənin qabaqcıl tibb müəssisələrindən birinə çevrildi. Bu il nəinki ölkəmizdə, Cənubi Qafqazda ilk dəfə olaraq meyit donordan qaraciyər və böyrək transplantasiyası əməliyyatları uğurla həyata keçirildi.
- Bəxtiyar həkim, yeri gəlmişkən, hazırda dünya tibbinin gündəmində olan ən aktual məsələlərdən biri orqan transplantasiyası əməliyyatıdır. Bəzən həmin əməliyyat xəstənin həyatda qalması üçün yeganə çıxış yolu olur. Günlərlə, aylarla donor gözləyənlər də olur, donor çatışmazlığı nəticəsində həyatını itirənlər də. Son vaxtlar tibbdə buna da çarə tapılıb – meyit donordan orqan transplantasiyası neçə-neçə xəstənin həyatını xilas edir. Bu barədə nə deyə bilərsiz?
– Hazırda ölkəmizdə orqan transplantasiyasının ən vacib sahələrindən biri – meyit donordan qaraciyər, böyrək və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının inkişaf etdirilməsidir. Az vaxt ərzində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və digər aidiyyəti dövlət və ictimai qurumların, din xadimlərinin və sıravi vətəndaşların aktiv təşviqi, iştirakçılığı və dəstəyi sayəsində meyit donordan orqan transplantasiyası işi uğurla həyata keçirildi. Bizim hospitalda canlı donordan böyrək və qaraciyər transplantasiyası əməliyyatları icra edilirdi. Həmin prosesin psixoloji və emosional tərəfindən tutmuş inzibati, tibbi, hüquqi və sosial aspektlərini təkmilləşdirməyə nail olmuşuq. Lakin meyit donordan orqan köçürülməsində ölkədə və regionda birinci olmaq həm şərəfli, həm də təşkilati baxımdan olduqca yeni və mürəkkəb idi. Meyit donorların olması orqan qıtlığının azaldılmasına mühüm töhfədir. Koordinasiya Şurası ilə sıx əməkdaşlıqda bu ilin fevralında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, Səhiyyə əlaçısı, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, transplantoloq Kamran Beydullayev və peşəkar komanda tərəfindən qaraciyər sirrozundan əziyyət çəkən xəstəyə meyit donordan qaraciyər və böyrək köçürülməsi əməliyyatı uğurla yerinə yetirilib. Fevral ayından başladığımız orqan köçürülməsi əməliyyatları uğurla nəticələndikcə, bu iş sürətlənməyə başladı. Noyabr ayında həmin əməliyyat dörd xəstə üzərində aparıldı. Bütünlüklə il ərzində hospitalda meyit donordan istifadə edilərək, 9 qaraciyər və 12 böyrək transplantasiyası əməliyyatı icra edilib və qürur hissi ilə deyə bilərəm ki, həmin əməliyyatların hamısı uğurla nəticələnib. Oktyabr ayında meyit donordan orqan nəqli ilə bağlı ilk təcrübəmizi Sumqayıtda bölüşdük.
“Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda Azərbaycandan və Türkiyədən dəvət olunmuş həkimlər iştirak etdilər. Onlar ölkəmizdə meyitdən orqan nəqlinin həyata keçirilməsinin milli səhiyyə tarixində mühüm mərhələ olduğunu qeyd etdilər. Şübhəsiz ki, bu uğur Azərbaycan həkimlərinin yüksək peşəkarlığının növbəti təsdiqidir və bu iş dövlətin diqqət və qayğısı sayəsində həyata keçirilir. Təbabətin bu sahəsində atılan addımlar tezliklə ölkəmizdə transplantologiyanın inkişafına böyük töhfə verəcək.
Onu da deyim ki, beyin ölümünün diaqnostikası və meyitin orqan donoru kimi istifadəsində ilk konfransların təşəbüsçüsü bizim hospital olub. Bütün bu işlərdə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi əvəzolunmaz dəstək göstərib.
- Son vaxtlar Mərkəzi Gömrük Hospitalda başqa hansı yeniliklər olub?
- Yuksək rahatlıq və müasir tibbi avadanlıqla təmin edilmiş Mərkəzi Gömrük Hospitalında texniki baxımdan ən murəkkəb olan və cərrahiyyənin zirvəsi sayılan urək-damar və orqan transplantasiyası əməliyyatları, xəstələrdə ürəkdə aorto-koronar şuntlama və digər açıq urək əməliyyatları, TAVİ, EVAR kimi invaziv mudaxilələr, uroloji rekonstruktiv əməliyyatlar, travmatoloji əməliyyatlar və digər əməliyyatlar icra olunur, yuksək keyfiyyət standartlarına cavab verən diaqnostika, terapevtik və cərrahi mualicə xidmətləri gostərilir.
- Baku Expo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”-də Mərkəzi Gömrük Hospitalının da fəaliyyətini əks etdirən stend böyük maraq doğurdu...
- Bu il ilk dəfə idi ki, Mərkəzi Gömrük Hospitalı Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan “Medinex 2025” sərgisində iştirak edirdi. Stendimizi ziyarət edən rəsmi nümayəndələrə, gənc həkimlərə, həkim-rezidentlərə və ziyarətçilərə hospitalın 2025-ci ildəki fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, əldə olunan mühüm uğurlar, innovativ tibbi xidmətlər, eyni zamanda, Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun komandası tərəfindən icra olunan və Azərbaycanın səhiyyəsində böyük nailiyyət kimi qiymətləndirilən meyit donordan qaraciyər və böyrək transplantasiyası əməliyyatları barədə ətraflı məlumat verildi.
- Mərkəzi Gömrük Hospitalı uzun illərdir ki, bir sıra sosial aksiyalarda fəal iştirak edir. Həmin aksiyalar bu il də keçirilibmi?
- Sentyabrda Qala qəsəbəsində şəhid və qazi ailələrinin üzvləri və qəsəbənin sakinləri üçün Anım Gününə həsr olunmuş tibbi sosial aksiya keçirildi. Diaqnostik avadanlıq və böyük həkim kollektivi ilə sosial aksiya çərçivəsində müraciət edən hər kəs müayinə edildi. Növbəti sosial aksiya oktyabrın 28-də Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində “SOS Uşaq Kəndləri”nin anaları üçün “Təməl həyata dəstək (BLS)” mövzusunda təlim və tibbi müayinələr həyata keçirildi. Artıq bir neçə ildir ki, həmin tədbiri ənənə halına salmışıq və növbəti illərdə də davam etdirməyi nəzərdə tutmuşuq.
- Ən böyük layihələrin, ən yaxşı işlərin, qazanılan uğurların arxasında müəssisənin rəhbəri və onun komandası durur. Hospitalın da uğurlarının əsasını burada işləyən yüksəkixtisaslı həkim heyəti, bacarıqlı orta tibb işçiləri təşkil edir. Onların ixtisas dərəcələrinin, peşəkarlıqlarının artırılması üçün hansı işlər görülür?
- Tibbi personalın davamlı olaraq yerli və beynəlxalq təlimlərə, konfranslara cəlb olunması hospitalın elmi-praktik potensialının artmasına şərait yaradır. Hospitalın yüksəkixtisaslı həkimləri müntəzəm olaraq nəinki ölkəmizdə, həm də xarici ölkələrdə təşkil olunan beynəlxalq konfranslarda, qurultaylarda, konqreslərdə, simpoziumlarda, seminarlarda, təkmilləşdirmə kurslarında bilik və bacarıqlarını artırırlar. Həkimlər beynəlxalq səviyyəli həmin tədbirlərdə moderator, təlimçi kimi aktual mövzularda çıxışlar ediblər, hətta nümunəvi əməliyyatlar aparıblar. Bu il Mərkəzi Gömrük Hospitalının həkimləri Böyük Britaniya, Çin, Cənubi Koreya, Türkiyə, Finlandiya, Niderland Krallığı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və başqa ölkələrdə keçiilən mötəbər tədbirlərdə Azərbaycanı təmsil edərək bilik və bacarıqlarını, qazandıqları təcrübəni həmkarları ilə bölüşüblər. Hospitalın ayrı-ayrı şöbələrində çalışan tibb bacıları və tibb qardaşları həkimlərlə çiyin-çiyinə işləyərək xəstələrin müayinə və müalicə prosesində fəal iştirak edirlər. Onlar da həm ölkəmizdə, həm də respublikamızdan kənarda təşkil olunan konfranslara qatılırlar. Məsələn, noyabrda hospitalın tibb bacılarının “Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin Tibb bacısı və Mamalıq sahələri üzrə I Elmi-Praktik Konfransı”nda iştirakını qeyd etmək yerinə düşər. Müasir səhiyyə sistemində keyfiyyətli xidmətin və sağlamlıq sisteminin davamlı inkişafında tibb bacılarının böyük rolu var, bu cür tədbirlərdə iştirak etmək onların peşəkarlığını artırır, operativ qərarvermə bacarıqlarını formalaşdırır.
Hospitalın tibb heyətinin peşəkarlığının artırılmasında həyata keçirilən tədbirlərin böyük rolu olub. Bu ilin martında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü, apreldə “Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yanaşmalar” mövzusunda ekspertlərin zirvə görüşü, mayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans, oktyabrda “Ortopediya və Tibbi Reabilitasiyada Müasir Yanaşmalar” mövzusunda Elmi-praktiki seminar, dekabrda isə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib.
- Bəxtiyar həkim, hospitalda gənclər. rezidentlər, könüllü gömrükçülər və tələbələrlə iş necə qurulub?
- Artıq 6 ildir ki, Mərkəzi Gömrük Hospitalında Azərbaycan Tibb Universitetinin, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, 1 saylı Bakı Tibb Kollecinin, 2 saylı Bakı Baza Tibb Kollecinin və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün tədris prosesi aparılır. Hospital rezidentlər üçün müstəqil klinik baza rolunu oynayır, burada tibb universiteti və kollec tələbələri üçün subbakalavr, bakalavr və rezidentlik səviyyəsində tədris həyata keçirilir. Bu il rezidentlərin sayı 90-ı keçib. Onlar rezidenturanı bitirdikdən sonra ölkəmizin müxtəlif tibb müəssisələrində fəaliyyətlərini davam etdirirlər. Sevindirici haldır ki, rezidenturanı bitirəndən sonra həkimlərin və kolleci bitirən tibb bacıları və qardaşlarının müəyyən hissəsi öz peşə fəaliyyətini hospitalda davam etdirirlər.
- İl ərzində beynəlxalq səviyyədə hansı Əməkdaşlıq memorandumları imzalanıb?
Bu il tibb ocağının həyatında iki belə əlamətdar hadisə oldu. Onu da bildirim ki, 5 ildən artıqdır ki, Türkiyənin Florence Nightingale Healthcare International Group ilə sıx əməkdaşlıq edirik. Həmin qurumun tərkibində həm xəstəxanaları, həm də tibb təhsilinə yönəldilmiş universitet və tibb bacıları məktəbini birləşdirir. İlkin imzaladığımız memorandumdan 5 il keçir və sənədin müddəti başa çatdığı üçün bu il onu yenilədik. Xüsusilə vurğulamaq istərdim ki, bu illər ərzində bizim gözəl partnyorluğumuz alındı. Florence Nightingale Healthcare International Group-un professorları, həkimləri, mütəxəssisləri təşkil etdiyimiz elmi konfranslar, elmi tədbirlər, sosial aksiyaların əksəriyyətində yaxından iştirak ediblər. Onlarla əməkdaşlığın bəhrəsini görürük və onu davam etdirmək üçün növbəti 5 il üçün əməkdaşlıq memorandumu imzalamışıq.
Digər bir əməkdaşlıq memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə Böyük Britaniyada yeni yaradılmış Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanıb. Hesab edirəm ki, həmin memorandum Azərbaycan səhiyyə sistemində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl Britaniya tibbi təcrübəsinin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
- Həkim, ətraflı müsahibə üçün çox sağ olun. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, məsul və şərəfli işinizdə uğurlar diləyirik.
- Fürsətdən istifadə edib xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, doğma Vətənimizə sülh və əmin-amanlıq arzulayır, ən xoş arzularımı çatdırıram.
Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi