Bakı, 30 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC
Qlobal enerji sisteminin dərin transformasiya mərhələsinə qədəm qoyduğu bir dövrdə hidrogen iqtisadiyyatı, süni intellekt əsaslı enerji şəbəkələri və karbontutma texnologiyaları ölkələrin enerji strategiyalarını yenidən formalaşdırır. Bu dəyişikliklər yalnız texnoloji deyil, eyni zamanda geosiyasi, iqtisadi və sosial nəticələr doğuraraq enerji istehsalçıları üçün yeni risklər, həmçinin yeni imkanlar yaradır. Xüsusilə enerji keçidi prosesində təbii ehtiyatlara əsaslanan iqtisadi modellərin şaxələndirilməsi və dayanıqlı inkişaf mexanizmlərinin qurulması aktuallıq qazanır.
Beynəlxalq Ədalətli Enerji Keçidi layihəsinin və Almaniyanın Rur Universitetinin Enerji Keçidi Laboratoriyasının icraçı direktoru, iqtisadçı-alim Elxan Sadıxzadə AZƏRTAC-a müsahibəsində Azərbaycanın yeni enerji iqtisadiyyatına keçid perspektivləri, yaşıl hidrogen və bərpa olunan enerji potensialının geosiyasi əhəmiyyəti, Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” kimi rolu barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik:
-Azərbaycanın bərpaolunan enerji sahəsində, xüsusən yaşıl hidrogen istehsalında beynəlxalq rəqabət imkanlarını və Avropa bazarına inteqrasiya perspektivlərini necə dəyərləndirirsiniz?
- Texnoloji dəyişikliklər Azərbaycan üçün həm yeni imkanlar, həm də risklər yaradır. Eyni zamanda, nəzərə almalıyıq ki, neft və qaz ehtiyatları tükənən sərvətlər qrupuna daxildir. Bu reallıq isə Azərbaycan kimi ölkələri qeyri-neft sektoruna daha fəal şəkildə investisiya qoymağa və iqtisadiyyatı şaxələndirməyə yönəldir.
Belə bir vəziyyətdə ən rasional yol şaxələndirmə strategiyasıdır. Bu strategiya isə yeni sənaye sahələrinin, xüsusilə ofşor külək parkları, Günəş enerjisi və ümumilikdə bərpaolunan enerji istehsalının genişləndirilməsinin dəstəklənməsini nəzərdə tutur. İqtisadi terminlərlə desək, Azərbaycan yaşıl hidrogen istehsalında müqayisəli üstünlüyə malikdir. Bu, Azərbaycanın Mərakeş, Misir, Cənubi Afrika və Namibiya kimi istehsalçılarla xərc və infrastruktur baxımından rəqabət apara bilməsi deməkdir. Bu kontekstdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq, Avropa enerjisisteminə inteqrasiya böyük fürsətlər yarada bilər. Çünki Avropa İttifaqı yaşıl enerji üçün ən cəlbedici bazardır. Coğrafi yaxınlıq və mövcud qaz kəməri infrastrukturu isə Azərbaycanın ixrac imkanlarını gücləndirir.
Süni intellekt isə Azərbaycan kimi Qlobal Şimala daxil olmayan ölkələr üçün inkişaf şansı yaradır. Lakin bu şansın reallaşması rəqabətqabiliyyətli mühitin yaradılmasından, startapların və tətbiqi tədqiqatın daha güclü dəstəklənməsindən asılıdır. Hazırda xüsusən startap ekosistemi və elmi-tədqiqat təşviqlərində müəyyən boşluqlar var. Gələcəyin modeli tətbiqyönümlü tədqiqatdır: universitetlərin və biznesin birgə işlədiyi format.
Ən vacib məqam odur ki, bu proses yalnız beynəlxalq əməkdaşlıq ilə uğurlu ola bilər. Birgə layihələrin son məqsədi beynəlxalq miqyasda istifadə olunan, rəqabətədavamlı məhsul yaratmaqdır. Yeni inkişaf dalğası sərhəd tanımır, sağlam rəqabət və iqtisadi tənzimləmə siyasəti fonunda ölkənin texnoloji inkişafı mümkündür. İqtisadi açıqlıq ona görə vacibdir ki, nisbətən kiçik bazarı olan ölkələrin şirkətləri yalnız xarici bazarlara çıxaraq böyüyə bilərlər. İqtisadçılar üçün bu ən vacib məsələlərdən biridir. Bu artım nəticədə ölkənin ÜDM-nin artımı və yaşayış standartlarının artması deməkdir.
-COP29-un yaratdığı dinamika fonunda Azərbaycanın “yaşıl gündəliyi” iqtisadi transformasiya ilə yanaşı, cəmiyyətin ekoloji şüuruna və institusional inkişafına necə təsir göstərir? Bu kontekstdə, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi sıfırdan qurulması regionda davamlı inkişaf üçün hansı yeni perspektivlər açır?
- Son illərin ən mühüm nailiyyətlərindən biri yaşıl gündəliyin Azərbaycanda əsas prioritetlərdən birinə çevrilməsidir. Bu baxımdan COP29 mühüm rol oynayıb.
Fosil enerjidən yaşıl enerji daşıyıcılarına keçid təkcə iqtisadi transformasiya deyil, həm də cəmiyyətin dəyişiməsi deməkdir. İqlim dəyişikliyi və emissiyalar, su qıtlığı, şəhərlərdə temperaturun artması kimi problemlərə dair ekoloji şüur son illərdə artıb. Bu da cəmiyyəti müasir iqtisadi inkişaf modeli ilə harmonik vəhdətə çevirir, texnoloji inkişafa daha uyğun edir.
İqtisadi siyasət istiqamət verməlidir ki, gənclər yeni bacarıqlarla, yaşlı nəsil isə təcrübəsi ilə bu inkişafı vizuallaşdıra və nəticədə reallaşdıra bilsin. Avsrtriyalı iqtisadçı Misesin vurğuladığı kimi, dayanıqlı keçid üçün investisiya siqnallarının sağlam işləməsi vacibdir. Yəni hüquqi sabitlik, mülkiyyət hüquqları və bazar qiymət mexanizminin aydınlığı yeni enerji layihələrinə inam yaradır. Müasir dövrdə ideya yarışının getdiyi institusionallaşmış platformalarla yanaşı, ideya mübadiləsinin baş verdiyi şirkətlər də ölkə inkişafının lokomotivinə çevrilir. Bu prosesdə mədəni müxtəlifliyin də böyük töhfəsi var. Azərbaycanda multikultural cəmiyyət formalaşıb. Tolerantlıq və multikulturalizm cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi olmaqla yanaşı, onun inkişaf potensialını və sərhədlərini müəyyən edən vacib amildir.
Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişafı isə bütün region üçün müsbət nəticələr yarada bilər. Bu, ekoloji, iqtisadi, sosial və xüsusilə siyasi müstəvidə yeni başlanğıc deməkdir. Bu dəyişiklik region üçün dayanıqlı inkişafı və davamlı sülhü gücləndirə bilər. Sıfırdan qurulan enerji infrastrukturu daha modern, səmərəli və gələcək standartlara uyğun sistem yaratmaq imkanı verir.
- Azərbaycanın yaşıl enerji keçidində və xüsusən yaşıl hidrogen istehsalında mövcud infrastrukturu və təbii potensialı hansı strateji üstünlükləri yaradır? Bu keçidin sürətləndirilməsində xarici investisiyaların və özəl sektorun rolu barədə nə deyə bilərsiniz?
- Azərbaycanın burada ciddi strateji üstünlükləri var. Ölkə güclü Günəş və külək potensialına, əhəmiyyətli su resurslarına və ən vacibi Qərbi Avropaya qədər uzanan boru kəməri infrastrukturuna malikdir. Mövcud qaz kəmərlərinin gələcəkdə hidrogen nəqlinə uyğunlaşdırılması böyük üstünlükdür.
Yaşıl hidrogen sahəsində ölkənin beynəlxalq investisiyalara açılması mühüm əhəmiyyət daşıyır. Çünki transformasiya üçün tələb olunan kapital çox böyükdür və xarici birbaşa investisiyalar olmadan bu yükü tam şəkildə daşımaq çətindir.
Bundan əlavə, mən özəl investisiyalar hesabına Günəş enerjisinin istehsalının sürətləndirilməsində böyük potensial görürəm. Şəhər mühitində Günəş enerjisinin təşviqi, yeni tikililərdə məcburi enerji səmərəliliyi və Günəş inteqrasiyası kimi tənzimləmələr iqtisadiyyatın ümumi enerji səmərələliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bu sahədə Avropa ölkələrinin təcrübəsindən öyrənmək vacibdir. Eyni zamanda, Günəş enerjisinin genişləndirilməsi ötürücü şəbəkələrin və enerji saxlama imkanlarının inkişafı ilə paralel getməlidir.