Turp vitamin və minerallarla zəngin kök tərəvəzlərindən biridir.
Pravda.az bildirir ki, aşağı kalorili olması və yüksək lif tərkibi sayəsində sağlam qidalanmada xüsusi yer tutur.
Mütəxəssislər qeyd edirlər ki, turp həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, immuniteti gücləndirir və orqanizmi toksinlərdən təmizləməyə kömək edir.
Turpun tərkibində C vitamini, fol turşusu, kalium və antioksidant maddələr mövcuddur. Bu maddələr orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, bağırsaqların normal işləməsini dəstəkləyir və maddələr mübadiləsini sürətləndirir.
Turpun əsas faydaları
Həzm sistemini yaxşılaşdırır, qəbizliyin qarşısını alır
İmmunitet sistemini gücləndirir
Ürək-damar sağlamlığını qoruyur, qan təzyiqinin tənzimlənməsinə kömək edir
Qan şəkərinin balansda saxlanmasına dəstək olur
Antioksidant təsiri ilə hüceyrələri qoruyur
Hansı rəng turp daha faydalıdır?
Mütəxəssislərin fikrincə, turpun faydası onun rənginə görə dəyişə bilər:
Qara turp – Qaraciyər və öd kisəsinin fəaliyyətini dəstəkləyir, xüsusilə həzm problemlərində faydalıdır.
Ağ turp – Bağırsaqların işləməsini sürətləndirir, şişkinliyin azalmasına kömək edir.
Qırmızı turp – Yüksək C vitamini tərkibi ilə immuniteti möhkəmləndirir, dəri sağlamlığı üçün faydalıdır.
Daha çox fayda əldə etmək üçün turpun müxtəlif növlərinin birlikdə istehlak edilməsi tövsiyə olunur.
Turp necə və nə qədər istehlak edilməlidir?
Gündəlik 100–150 qram turp istehlakı kifayət hesab olunur. Həddindən artıq istifadə bəzi insanlarda qaz və mədə narahatlığı yarada bilər. Xroniki mədə-bağırsaq problemi olan şəxslər turpu istehlak etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.
Əminə Bayramova