AZ

Günay Əfəndiyeva: “Şəhərsalma və Memarlıq İli”nin dərin mənəvi məzmununu düzgün anlamaq vacibdir”

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Bildiyiniz kimi, 2026-cı il Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmuşdur.

Eyni zamanda növbəti il Bakı BMT-nin ən böyük və strateji əhəmiyyətli platformalarından olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına ev sahibliyi edəcəkdir.

Bu, bir tərəfdən Azərbaycanın şəhərsalma mədəniyyətinin dünya miqyasında yüksək dəyərləndirilməsidir, digər tərəfdən ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun, aktual proseslərin aktiv iştirakçısı kimi artan rolunun bir daha təsdiqidir”.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Milli Məclisin 30 dekabr 2025-ci il tarixli plenar iclasında çıxışı zamanı bildirib.

“Düşünürəm ki, bu kontekstdə “Şəhərsalma və Memarlıq İli”nin dərin mənəvi məzmununu düzgün anlamaq vacibdir.

Azərbaycanın qədim şəhərlərindən olan Gəncənin dahi oğlu Nizami Gəncəvi hələ XII əsrdə qələmə aldığı “Xosrov və Şirin” əsərində məşhur Fərhad obrazını yaratmışdır. Fərhad bir tərəfdən böyük bir aşiqdir, amma eyni zamanda ömrünü insanların rifahına həsr edən, daş yonub arx çəkən, maddi abidələr yaradan məsuliyyətli, fədakar bir memardır. Düşünürəm ki, biz də böyük sevgi ilə, məsuliyyət ilə öz memarlıq irsimizi qoruyub inkişaf etdirməliyik.

Çünki, şəhər mədəniyyəti və memarlıq, ilk növbədə ölkəmizə və xalqımıza məxsus olan milli mədəni irsin ayrılmaz tərkib hissəsidir. Və bu, insanın yaşadığı məkanla qurduğu mənəvi münasibətdir, gündəlik həyatımızın bir parçasıdır, tarixi yaddaşımızın estetik ifadəsidir.

Baxın, XIX əsrdə Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, görkəmli şairə Xurşidbanu Natəvan doğma Şuşanın abadlığını özünün mənəvi borcu hesab edirdi, şəhərə bulaqlar çəkdirir, körpülər, yollar saldırır, məktəblər, məscidlər inşa etdirirdi.

Bu gün XXI əsrdə biz dövlətimizin fəaliyyətində həmin dəyərlərin davamını hiss edirik. Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimiz tərəfindən azad Şuşada və bütövlükdə Qarabağ ərazisində, illər boyu dağıntılara məruz qalmış şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, tarixi memarlıq abidələrimizə  yenidən həyat verilir. Şəhərlərimiz beynəlxalq səviyyəli dünya şəhərlərinə çevrilir.

Yəni, belə demək olarsa, şəhərlər də əslində milli kimliyi yaşadan, zamanlar arasında körpü salan canlı bir orqanizmdir.  Ona görə də verdiyimiz hər bir qərarın, tikintidən tutmuş gündəlik davranışadək ümumi şəhər ruhuna təsir etdiyini anlamağımız olduqca mühümdür. Düşünürəm ki, bu cür yanaşma, memarlıq və şəhər  mədəniyyətinin, bütövlükdə milli mədəniyyətimizin ən ali mərhələsinə aparan yollardan biridir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
icma.az

2Mənbələr