Bakı, 30 dekabr, AZƏRTAC
Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ələt qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu oğurlanıb. Bu barədə zərərçəkən polis orqanına məlumat verib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 24 yaşlı R.Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar nəticəsində onun sərnişin qismində taksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketə getməsindən sui-istifadə edərək, saxlanc yerində olan pul kisəsindən oğurluq etdiyi məlum olub.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Lökbatan qəsəbəsində mağazaların birindən müxtəlif tarixlərdə oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F. Babaxanov da müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.