AZ

Prezidentin təltif etdiyi keçmiş səfir KİMDİR...

Prezident İlham Əliyev bir sıra şəxslərə "Şərəf" ordeni verib. "Şərəf" ordeni alanlar arasında keçmiş səfir Həsən Zeynalov da var.

Modern.az Prezidentin təltif etdiyi Həsən Zeynalovun dosyesini təqdim edir:

Həsən Zeynalov 1 yanvar 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Yengicə kəndində ziyalı ailəsində anadan olub.

1967-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda alıb. Peşəkar fəaliyyətinə texniki sahədə başlayan Həsən Zeynalov sonrakı illərdə dövlət idarəçiliyi və diplomatik xidmət sahəsində mühüm vəzifələrdə çalışıb.

Həsən Zeynalov 1970–1983-cü illərdə Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda texnik, mühəndis və baş mühəndis vəzifələrində çalışıb.

1983–1986-cı illərdə Bakı şəhəri Səbail rayonu İcraiyyə Komitəsinin Kommunal-Təsərrüfat İdarəsinin rəisi olub.

1986–1992-ci illərdə yenidən Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda baş mühəndis kimi fəaliyyət göstərib.

1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı seçilib. Elə həmin ildən etibarən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəsi vəzifəsində çalışıb və bu postu 2004-cü ilə qədər icra edib.

2004–2010-cu illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının Qars şəhərində Baş konsulu kimi fəaliyyət göstərib.

2010–2015-ci illərdə Azərbaycan Respublikasının İstanbul şəhərində Baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi olub.

2015–2023-cü illərdə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

2016–2021-ci illərdə isə eyni zamanda Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyət göstərib.

Keçmiş səfir hazırda təqaüddədir.

Həsən Zeynalov evlidir. Üç övladı var.

Seçilən
35
1
modern.az

2Mənbələr