BAKI, 30 dekabr. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanının Yəmənlə bağlı yaydığı bəyanatda BƏƏ-nin roluna dair səsləndirilən fikirləri təkzib edib.
Teleqraf xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında bəyanatda yer alan məlumatların reallığı əks etdirmədiyi bildirilib.
Qeyd olunub ki, BƏƏ Yəmən tərəfləri arasında mövcud gərginliklərdə iştirak etmir və heç bir Yəmən tərəfinə Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparmaq üçün təzyiq göstərməyib.
Açıqlamada vurğulanıb ki, BƏƏ Səudiyyə Ərəbistanının təhlükəsizliyi və sabitliyinə sadiqdir və regionun təhlükəsizliyini təhdid edə biləcək istənilən addımı qətiyyətlə rədd edir.
BƏƏ Yəməndə münaqişəni qızışdırması ilə bağlı irəli sürülən iddiaları da təkzib edib. Bildirilib ki, Əmirliklərin Yəməndə mövcudluğu legitim Yəmən hökumətinin dəvəti əsasında və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası çərçivəsində həyata keçirilir.
Rəsmi Abu-Dabi tərəfləri son hadisələrə məsuliyyətlə yanaşmağa, gərginliyin artmasının qarşısını almağa çağırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələndirilən fəaliyyətlərin Krallığın milli təhlükəsizliyi üçün risk yaratdığını bəyan edib. Riyad Yəməndə BƏƏ-nin dəstəklədiyi Cənubi Keçid Şurasının (CKŞ) addımlarının regionda sabitliyə zərər vurduğunu bildirib.
Səudiyyə tərəfi bu cür addımları “qırmızı xətt” kimi qiymətləndirərək, öz təhlükəsizliyini təhdid edən istənilən hərəkətə qarşı tədbirlər görmək hüququnu saxladığını vurğulayıb.