BAKI, 31 dekabr. TELEQRAF
İngiltərənin şimal-qərbində yerləşən xəstəxanada lomla silahlanan kişi beş nəfəri yaralayıb.
Teleqraf xəbər verir ki, bu barədə Mersisayd qraflığının polisi məlumat yayıb.
Hadisə Nyuton-le-Uillouz şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 20 yaşlı Əfqanıstan əsilli kişi xəstəxanaya müraciət edib. Lakin onun həyəcanlı vəziyyətdə olması səbəbilə həkim qəbulundan imtina edilib və tibb müəssisəsini tərk etməsi xahiş olunub. Bundan sonra o, qeydiyyat masasını dağıdaraq ətrafdakı insanlara hücum edib.
Polisin açıqlamasında bildirilir ki, şübhəli şəxs beş nəfərə ağır bədən xəsarəti yetirmə, dava-dalaşda iştirak və vandalizm maddələri üzrə saxlanılıb. O, Mersisayddakı polis bölməsinə aparılıb və hazırda nəzarət altındadır.
Xəsarət alanlara xəstəxanada tibbi yardım göstərilir, onların həyatına təhlükə yoxdur.